“Səni deyirlər”in İbrahimi: “O sözləri aşığa demişəm”
Tarix: 22-10-2018, 17:42



Güney Azərbaycanda trendə çevrilən, daha sonra ölkəmizdə gündəmi əlinə alan “Səni deyirlər” mahnısının ifaçısı İbrahim Əlizadənin Axar.az-a müsahibəsini təqdim edirik:
- Azərbaycanda çox tanınırsınız və etiraf edək ki, bir mahnı ilə bu cür tanınmaq hər ksə nəsib olmur. Əvvəlcə, özünüzdən başlayaq...
- Makuda anadan olmuşam. On iki ildir ki, bu işlə məşğulam: oxuyuram, toylara gedirəm. Məni məşhurlaşdıran mahnını da hər dinləyəndə şad oluram. Şadam ki, öz ölkəmizdə türk qardaşlarımız mənə himayət edirlər. Eləcə də İranda sevilirəm və bu hal məni məmnun edir.
- Güneydə “Səni deyirlər” kampaniyası başladılandan sonra Qüzeydən də aksiyaya dəstək gəldi. Bununla da mahnı Güney ilə Qüzeyin simvoluna çevrildi. Bəs siz necə, “Səni deyirlər”in səviyyəsindən razısınızmı?
- Mən öz mahnımdan, əlbəttə ki, razıyam. O zaman razı olmazdım ki, dinləyicilərim toylarda bunu bəyənməsinlər. Bir də türk dilindədir. Bu da mənim xalqımın ürəyini sevindirir. Onların sevinməsi isə mənə ayrı bir xoş hislər yaşadır.
- “Səni deyirlər”in sözlərinin kimə məxsus olması da yüngül bir müzakirəyə çevrildi.
- “Səni deyirlər” 35-40 il bundan öncə dəyərli aşıqlarımız, sənətkarlarımı Aşıq Məhəmmədəli Mahmudi və Aşıq Əsədullah Rəhsipur tərəfindən oxunub və yazılıb. Mənə göstərilən sənədə, kağıza görə onların mahnısıdır. Mən, sadəcə, öz sözlərimi mahnıya əlavə etmişəm: “Urmu dəryası”, “Urmu gölü”, “Urmu qızları”... Və bunu məqsədli şəkildə deyil, toyda ifa zamanı demişəm, ürək sözlərim idi. İndi çoxları deyir ki, bu mahnı bizimdir. Dəyərli şairlərimizin də çoxu dedi ki, “yox, bu mahnı bizimdi”. Amma elə deyil. “Səni deyirlər” Sulduz, qaraqalpaq mahnılarından biridir ki, aşıqlarımız səsləndiriblər. Oxuduğum mahnının sözləri isə, dediyim kimi, öz sözlərimdi, yəni sözlərini tamam dəyişmişəm. Əlbəttə ki, onların icazəsi ilə. Bildirməliyəm ki, “Səni deyirlər” kəlməsi çox önəmlidir. Mənim məlumatıma görə, 40 ildir ki, “Səni deyirlər” kəlməsi mahılarda ifa olunur.
- “Səni deyirlər” sözünün rədifə çevrilməsinin səbəbi nədədir?
- Eşqin, sevginin izharı... Ürək şadlandıran, sevindirici sözləri var, ürəyəyatımlıdır.
- Simvol seçmək şansı olsaydı, hansını seçərdiniz - “Qaragilə”, yoxsa “Səni deyirlər”?
- Onları böyük sənətkarlar deyə bilər. Mənə önəmli olan budur ki, xalqımız buna çox gözəl reaksiya verdi. Vurğulamalıyam ki, dəstək olmasa idi, bacarmazdım. Məncə, tək bu mahnı deyil, çoxlu mahnılarımız var ki, xalqımızın trendinə çevrilə bilər.
- Mahnıda işlətdiyiniz “Urmu dəryası... qurutdular da” sözlərini məqsədli şəkildə demədiyinizi bildirdiniz. Maraqlıdır, necə baş verdi bəs?
- Haqlısınız, buna açıqlama lazımdır. Çünki çoxları buna siyasi mövqedən yanaşır. Toyda ifam zamanı gülməli bir səhnə yaranmışdı. Aşıq mizrabı düz vurmurdu. Ona görə də toy mənə xoş gəlmirdi. Təbrizdən də qonaqlarımız vardı. Onlar durub türkcə mahnı istədilər. Ürəyimdən keçdi ki, deyim, “Urmu dəryası nə üzməlidir”. “Umu dəryasını üzməli gördüm” deyəndə baxdım ki, aşıq müdaxilə edir, “dərya-dərya” deyir. Ona işarə ilə “qurutdular da, qardaş” deyərək, sözümü kəsmə istəyinə etirazımı ona yetirdim. Yəni, sən dinmə. Beləcə, bu mahnının əvvəlində o sözlər yarandı. Amma görüntü yoxdur, orda hadisələrin necə baş verdiyi bilinmir, yalnız səs var deyə, bunu da hərə bir cür yozur.
- Yutubda “qurutdular da” hissəsi sonradan kəsilib, ya təqdim olunan ayrı variantdır?
- O mahnını mən sonra oxudum. Yayılan mənim toyda oxuduğum versiyadır. Çoxları çıxıb dedi ki, mən oxumuşam. Bu, adama pis gəlir. Həmin mahnını oxuyanların adlarının siyahısını yazıblar, bəlkə 100 nəfər var idi. Buna görə düşündüm ki, gedib toyların birində oxuyum, bilsinlər ki, mənimdir. Sonra İnstaqramda paylaşdım. Dostlar da paylaşdıqdan sonra bilindi ki, bu ifa mənə məxsusdur. Orada kameramana deyirəm, “Seyid, səni deyirlər”, yəni bu fərqli də ola bilərdi.
- “Qurutdular da” sözünə görə hansısa narahatlıq yaşamadınız ki?
- Yox, heç vaxt.
- 35-40 il öncə oxunan mahnını birdən siz ifa etdiniz və bu qədər sürətlə yayıldı...
- Xeyr, ilk dəfə bu mahnını 4 il öncə oxumuşam. Sonra sevildiyini görüb, sosial şəbəkədə paylaşdım. “Urmu dəryası” da sosial şəbəkədə paylaşılandan sonra yayıldı.
- Sizin üslubunuzda toy ifaçısının orada çox olduğunu deyirlər. Düşünürdünüzmü ki, ifanız bu qədər rezonans doğurar?
- Acığı düşünmürdüm. Elələri var ki, bu məqama gəlmək üçün çox əziyyət çəkirlər. Mən amma Allahımın istəyi və rizası ilə bu yerə gəlməyi bacardım.
- Elə bir səviyyəyə çatmısız ki, çoxları sizi tanıyır, məhşursunuz. Bəs bu sənətin təhsilini almaq, daha peşəkar musiqiçi olmaq istərdinizmi?
- Böyük arzumdur ki, musiqi sahəsində təhsil alım, əlimdə bir diplomum olsun. Böyük ustadlarımızdan dərs alıb, bundan da gözəl mahnılar ərsiyə gətirmək niyyətindəyəm.
- Bir çoxları olub ki, anidən məhşurluq qazanıblar və bir müddətdən sonra unudulublar. Siz də bu mahnı ilə qazandığınız uğurun ən azı yarısını saxlamaq üçün hər hansı bir işlər görürsünüzmü?
- Bilirsiz, mahnı oxumaq asandır. Gözəl səsi olan da çoxdur, burda, İranda, ümumiyyətlə, hər yerdə. Fikrimcə, səsdən əlavə, sözlər də insanın ürəyinə yol tapmalıdır. “Səni deyirlər”dən sonra sosial şəbəkələrdə izləyicilərim çoxaldı. Mən də onlara böyük hörmət bəsləyirəm və onların sevgisini, belə deyək, doğrultmağa çalışacağam.
- “Səni deyirlər” 3 aydır hər yerdədir. Siz necə, hardasınız, bu 3 ayda nə üzərində çalışmısınız?
- Mən 2 ay tək işləmək məcburiyyətində qaldım. Bu da zaman itirməmə səbəb oldu. Hazırda 4-5 mahnımız hazır olmaq üzrədir.
- “Səni deyirlər” kampaniyası Güneydə gənc qızın oynamasından, ardıyca həbs olunmasından sonra başladı. Yəni xalq bu hadisədən sonra küçədə “Səni deyirlər”lə rəqs edirdi. Sizcə, niyə “Səni deyirlər”?
- O qızın tutulması tamamilə yanlışdır, şayiədir. Niyə tutsunlar ki? Musiqi bəşər üçündür. Mənim əziz bacım bu mahnıda oynayanda Qurban bayramı ərəfəsi idi, şənlik idi. Əziz xalqımız da “Nə gözəl oynayıb, biz də oynayaq” dedi. Mən o qızı tanımıram. Dərsə getdiyini və 12-13 yaşı olduğunu bilirəm.
- İnsanların bu mahnıda oynamasına səbəb kimi bir çoxları dil faktını əsas gətiriblər. Amma siz deyirsiniz ki, heç bir siyasi çalar yoxdur?
- Heç bir siyasi çaları içində yoxdur. Bu mahnıdan sonra mənə bir çox yerlərdən zəng gəldi və dedilər ki, ağa, biz bilmirik sən nə deyirsən, amma o qədər gözəl çalırsan ki, biz də oynayırıq. Normal haldır. Farsların bir mahnısı türklərin xoşuna gələ bilər. Eləcə də bizim hər hansısa mahnımız onların xoşuna gələ bilər. Məncə, hər şeydə siyasi çalar axtarmaq lazım deyil.
- Sizin redaksiyamıza qonaq olduğunuz tarix Axar.az-ın 5 yaşının tamam olduğu günə təsadüf edir...
- Hə, sevindirici oldu. Bir daha sizi təbrik edirəm. Bir məsələni də deyim ki, bizim bacımız bu mahnıya oynadıqdan sonra “Səni deyirlər” daha da məhşurlaşdı. Amma mahnını burda ilk yayan, bildiyim qədərilə, Axar.az-dır. Buna görə də mən sizin təklifinizi çox sevə-sevə qəbul elədim. Çox sevinirəm ki, burdayam. Var olasınız!

Paylaş: