Azərbaycanlı müğənni Xədicə Manor Kanadada solo konsert verib – FOTO
Tarix: 31-05-2017, 08:42



Azərbaycanlı müğənni Xədicə İbrahimli Manor Kanadada keçirilən Türk Xalqları festivalında Azərbaycanı təmsil edərək solo konsert proqramıyla çıxış edib.
Ulduzumsan.Az bildirir ki, bu barədə jurnalist Fuad Mədətova müğənni özü məlumat verərək bildirib ki, o, bu ilin may ayında Kanadanın Vankuver şəhərində təşkil olunan Türk Xalqları festivalında doğma Azərbaycanın təmsilçisi olaraq, açıq havada 90 dəqiqə ərzində səhnədə olub:
“Möhtəşəm festivalda Türk dilli ölkələrlə yanaşı digər xarici ölkələrin də nümayəndələri iştirak edirdilər. Festival çərçivəsində bir çox maraqlı anlar oldu ki, onlardan biri də Azərbaycan ilə bağlı stendlərin nümayişi və mənim çıxışım idi. Azərbaycan mahnıları xarici tamaşaçıları üçün heyratamiz idi. Onlar bizim mədəniyyətimizlə, musiqimizlə daha çox maraqlanırdılar.” - Manor deyib.
Müğənni onu da qeyd edib ki, 90 dəqiqəlik çıxışını bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 ili tamam olmasına həsr edib:
“Konsertdə müasir estrada mahnılarıyla yanaşı, Azərbaycan klassik mahnılarını və xüsusiylə Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”i ifa etdim. Kanadalılar Azərbaycan musiqisindən feyziyab olmuşdular. Tamaşaçılara festivaldakı iştirakımı hər il Azərbaycanda keçirilən 28 May Respublika gününə həsr etdiyimi söylədim. Bildirdim ki, 28 May Respublika günü - 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. İnanın ki, Azərbaycan kanadalılar üçün daha çox diqqətçəkən və maraqlı olan ölkələrdən biridir.” – Manor söyləyib.
Xədicənin festivaldakı çıxışı musiqi aləmindəki bir neçə illik fasilədən sonra səhnəyə qayıdışı hesab olunur. O, İstanbulda təhsil alıb və orada yaşadığı vaxtlarda Türkiyə və Azərbaycan moda dünyasında stilist-modelyer kimi məşhurlaşıb. Həyata keçirdiyi moda nümayişləri ilə mətbuatın gündəminə gələn Xədicə, “Pöhrə” və “Yeni Ulduz” yarışmalarının ən fəal iştirakçılarından olub.













Paylaş: