"O gələndə ər də yaddan çıxır" - Azərbaycanlı gənc aktrisadan cəsarətli açıqlamalar
Tarix: 18-10-2018, 17:37



Azərbaycan seriallarında ən diqqətçəkən gənc aktrisalardan olan Ləman Mərih A24.Az saytına müsahibə verib.
Aktrisa gənc həmkarlarının, xüsusən aktrisaların Azərbaycanda yaşadığı problemlərdən və fərdi işlərindən danışıb:
Ləman, hazırda hansı seriala çəkilirsən?
Qulu Əsgərovun “Könül yarası” serialına çəkilirəm. “ARB”də yayımlanır, 17-18-ci seriyaları gedir. Çox maraqla qarşılanıb, çünki mövzu boşanmış qadının subay oğlanla sevgisidir. Mən də serialda həmin qadının qardaşı qızı rolunu canlandırıram.
Şərq, Qafqaz, Azərbaycan… Belə bir yerdə niyə aktrisa oldunuz?
Bu məkanla bağlı bir məsələ deyil. Aktrisa olmağa qərar verəndə bu coğrafiyanı gözümdə böyütməmişəm. Düşünürdüm ki, insana qarşı haqsızlıq olunub. Bir ömürdə bir həyat yaşamaq düzgün deyil. Mən aktrisalığa bir ömürdə bir neçə həyat yaşamaq üçün gəlmişəm.
Artıq sənətə gələndən sonra gördüm ki, xüsusilə gənc aktrisalarla bağlı bir boşluq var Azərbaycan incəsənətində. Steriotiplər var ki, bunları dağıtmaq üçün cəsarətli aktrisalara ehtiyac var.

Söhbət hansı boşluqlardan gedir?
Məsələn, universitetdə qrup yoldaşlarım arasında qızlar oğlanlardan çox idi. Amma demək olar ki, bu gün qızların heç biri ortada yoxdur. Bu gün kinoya, seriala aktrisa axtarılanda, tapılmır. Heç kim cəsarət eləmir, gəlib çəkilmir. Səbəb kimi də deyirlər ki, mən elə-belə oxumuşam, ailəm icazə vermir və s. Əslində bu tip insanlar Azərbaycanda aktrisa sənətinə qarşı neqativ fikirlər yaradır.
Aktrisa ailə quranda sənətdən niyə uzaqlaşır? Yəni, belə çıxır ki, əvvəldən aktrisanın ağlı yox idi, evləndiyi şəxs daha ağıllıdır və ona daha düzgününü tövsiyyə eləyir?
Qafqaz kişisinin qısqanclıq instiktinə qapılır qadınlar. Mən feminist deyiləm. Amma hüquqlarımı da çox yaxşı bilirəm. Heç kim mənim həyatımın üzərində krallıq qura bilməz. Məni sevən insan bu sənətimlə, bu durumumla sevib hörmət eləməlidir.

Uşaqlıqda bu gününlə bağlı xəyal quranda, belə olacağını düşünürdünmü? Yoxsa gözləmədiyin nələrsə oldu?
Təzə-təzə ekran işləri görəndə xarici görünüşümlə bağlı həddindən artıq mənfi rəy alırdım. Səbəb üz quruluşumun standartlara uyğun olmaması idi. Ancaq əməliyyat etmək fikrim olmayıb, eləməyəcəm də. Azından bu yaşda eləməyəcəm.
Problemim üz quruluşumla bağlı idi, çəkildiyim serial “youtube”a qoyulanda oradakı 500 şərhin 250-si mənimlə bağlı idi. Çox çirkin görünürdüm. Bu məndən asılı deyil. Yəqin ki, tamaşaçılar belə sima görməyə öyrəşməmişdilər. Mən düşünürdüm ki, təbiilik gözəldi, baxılandı, seviləndi… Amma türklər demişkən, xəyal qırıqlığına uğradım. Hətta qərar verdim ki, daha heç bir seriala, filmə çəkilməyəcəm. Sonra çox rejissorlarla, yaşlı aktyorlarla görüşdüm, onlar mənə təkidlə deyirdilər ki, bu belə deyil, mən çirkin deyiləm, sadəcə simam ənənəvi deyil.
İkinci seriala başlayanda içimdə böyük bir ümidsizlik var idi. Eyni şeylərin təkrar olunacağını düşünürdüm. Amma gördüm ki, elə deyilmiş, artıq haqqımdakı mənfi rəylər unudulub. Mənə alışıblar. Məsələ bu qədər bəsit imiş. Yaxşı ki, əməliyyat eləmədim.Əməliyyat eləsəydim, deyəcəkdilər ki, “əməliyyat eləyib, standartdı”. Bunu da anlaya bilmirəm. Hər iki halda aktrisa pis olur.

Azərbaycanda aktrisa olmaq çoxmu təhlükəli, problemlidir.?
Azərbaycanda aktrisa olmaqla bağlı səslənən problemlərin həddən artıq şişirdildiyini düşünürəm. Bu sənəti sevən adam üçün heçnə çətin deyil. 39 dərəcə temperaturla səhnədə olmuşam, qolum sınıb, yenə də səhnədə olmuşam. Bunları mən Azərbaycanlı aktrisanın çətinlikləri kimi görmürəm. Bu ümumi sənət sevgisidir və bu sevginin qarşısında hansısa əngəlin dura biləcəyini düşünmürəm.
Onda belə çıxır ki, “sənətimi ailəmə qurban verdim”, “Azərbaycanda həm aktrisa, həm də ailə sahibi olmaq çətindir” deyib bu sənətdən uzaqlaşanların sadə bir problemi var: ər tapa bilməmək. Razısan?
Tamamilə doğrudur. İnsanıq, hər kəsin həyatında bir adamın olması normaldır. Bir aktrisa isə, ümumiyyətlə sevilməlidir, bu hökmdür. O, səhnəyə eşqlə, sevgilə çıxmalıdır. Nə kəramətdirsə, hamı özünü qapayıb, oturur. Ağızlarını açanda da deyirlər ki, “nə danışırsız, mən təmiz ev qızıyam”. Ən pisi də odur ki, aktrisalar deyir, “mən bu rolu oynaya bilmərəm, məni bu roldan sonra heç kim almayacaq”. Bu təfəkkürə malik bir insan necə aktrisa ola bilər?

Bəlkə buna səbəb rejissorların qeyri-peşəkarlığı, aktrisaları filmin sehrinə sala bilməmələri, onlara bu filmlə ciddi məşhurluq, yeni karyera vəd etməmələridir.
Bəlkə də, doğru deyirsiz. İnanmıram ki, Azərbaycanda hansısa aktrisa Hollivud, yaxud məşhur türk rejissorunun təklif etdiyi filmdə öpüşmə səhnəsindən imtina edə. Şöhrətin qoxusu elədir ki, o gələndə ər də yaddan çıxır, ailə də. Artıq o şöhrətin sənə vəd etdiyi həyat ayrı cür olur. Bilirsən ki, bu filmdən sonra bütün lazımı adamlar səninlə hesablaşacaq.
 
Sanballı bir film təklifi olsa, çəkilməyəcəyin, özün üçün “stop” qoyduğun bir səhnə varmı?
Yox. “Ögey ana” serialı mənim üçün gözəl bir örnək oldu. Və mən orda hay-küyü dinləməməyi öyrənmişəm. 50-ci bölümə qədər tənqid olundum, 50-ci bölümdən sonra başladılar ki, “Niyə Ülkəri az göstərirsiz?”. Mən tamaşaçı rəyinin necə dəyişkən olduğunu görmüşəm. Bu gün elə bir səhnə yoxdur ki, mən ora çəkilməyim. Yəni istənilən səhnəyə çəkilərəm.
Çünki istənilən bir səhnəyə görə adamı öncə qınayır, ardınca tərifləyirlər. Elə səhnələr olduqda da deyəcəklər ki, “o aktrisanın kompleksi yoxdur, çox gözəl oynayır”. Ona görə, niyə də oynamayım?

Səncə Azərbaycanda bir aktrisa kimi hara qədər irəliləyə bilərsən?
İstədiyim yerə qədər irəliləyəcəyimə inanıram, kiminsə mənə biçdiyi yola qədər yox. Əgər mən istəyirsəmsə, inkişaf edim, Azərbaycanda “gənc aktrisa” deyiləndə ağıla ilk mən gəlim, bunu özüm planlamalıyam. Bu özümdən asıllıdır. Bu olacaq, sənə deyim. Bax, Sərdar, burdan söz verirəm, bunu tezliklə görəcəksiz.

Paylaş: