“Sevgilisinə xoş olmaq üçün serial çəkir, nə oyunlardan çıxırlar” - Şeyx Əbdül
Tarix: 24-09-2018, 09:00



Azərbaycan kinosunun inkişafı ilə bağlı yeni proqram hazırlanır. Bu barədə xəbər verən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan kinosunun inkişafı üçün lazımi işlərin görüldüyünü deyib. O qeyd edib ki, proqram hazırda Mədəniyyət Nazirliyi və bir neçə qurumla birlikdə hazırlanır.
Nazir hesab edir ki, iki illik xırda çətinliklərdən sonra Azərbaycan kinosundakı vəziyyət normala qayıdacaq. Onun sözlərinə görə, bu çətinliyi tək Azərbaycan kinosu yox, bütün cəmiyyət yaşayır. Maraqlıdır, kino inkişafı ilə bağlı hazırlanan proqramda hansı yeniliklər nəzərdə tutulub? Tarixi filmlərə yer veriləcəkmi? Cünki bu mövzu dəfələrlə gündəmə gəlib, hətta AXCP Səfəvilərlə bağlı serial çəkilişi üçün təklif verib. Kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudbəyli (Şeyx Əbdül) 
Cebhe.info-ya açıqlamasında maraqlı məqamlara toxunub. Deyib ki, kinorejissorlar uzun müddətdir  Azərbaycan kinosu ilə bağlı çox ciddi fikirlər səsləndirirlər: “Mənim də fəxri ad almağımla bağlı iştirak etdiyim tədbirdə nazir bu məsələyə toxundu və nəhayət ki, Azərbaycan kinosunun inkişafı ilə bağlı sevindirici xəbər verdi. Bilirsiz ki, kino sahəsindəki problemlər bir günə həll olunan məsələ deyil. Nazir bildirdi ki, kino maddi-texniki bazası ilə birgə bütövlükdə yaxın günlərdə həll olunacaq. Prezidentin bununla bağlı xüsusi diqqəti var. Proses yaxın günlərdən başlayacaq və ən uzağı 2 ildən sonra tam olaraq kino sahəsində yeni səhifə açmış olacağıq. Ona görə də bizə yalnız sevinmək və gözləmək qalır. Mən inanmıram ki, dövlət adından nazir özbaşına belə bir fikir söyləsin. Hər halda bu rəsmi qərarlaşdırılıb". 
“Peşəkar aktyorlar mənasız seriallara çəkilir”
Kinorejissorun sözlərinə görə, Azərbaycan kinosu sahəsində yeganə çatışmazlıq maddi-texniki baza ilə bağlıdır:
“Kadr, peşəkarlıq problemi yoxdur. Peşəkar aktyorlar  var. Sadəcə olaraq bu insanlar boş-mənasız  seriallara çəkilirlər. Bu serialları da çəkənlər qeyri-peşəkar insanlardır. Baxırlar xarici seriallara və kadr-kadr filmi köçürürlər öz ssenarilərinə, olur soğan suyu... Çox təəssüf edirəm ki, çoxları mənə bununla bağlı şikayətlər edir. Deyirlər ki, boş-boş çəkilən bu seriallara niyə qadağa qoyulmur, nəzarət edilmir?  Deyirəm ki, əvvəla onlar özəl təşkilatlardır. Mən gedib onların cibinə rəhbərlik etməyəcəyəm ki? Mən kiməm ki? İkincisi, o işlərin peşəkar kinoya aidiyyatı yoxdur. Ona görə də mənim mövqeyim bu məsələdə belədir ki, bu şey ki, əxlaqla, milli-mənəvi dəyərlə, tariximizlə, ideologiyamızla bağlıdır, ona da mütləq bədii şura, dövlət səviyyəsində nəzarət olmalıdır. Bununla peşəkar, məsuliyyətli insanlar məşğul olsunlar. Yoxsa kiminsə pulu var, sifariş verir, sevgilisinə xoş olmaq üçün serial çəkir, nə oyunlardan çıxır. Mən kiməm ki, buna qadağa qoyum? Hazırda televiziyalarda gedən serialların peşəkar kinoya heç bir aidiyyatı yoxdur”. 

Paylaş: