Əkrəm Əylisli: “Azərbaycanın mənafeyini heç bir xarici ölkədə tapdamaram”
Tarix: 21-09-2018, 10:09



Uzun illərdən sonra yazıçı Əkrəm Əylisi yenidən gündəmə gəlib. O, barəsindəki cinayət işinə xitam verilməsi ilə bağlı baş prokuror Zakir Qaralova məktub ünvanlayıb. Bu və ya digər məsələlərlə bağlı onunla söhbət etdik.
- Əkrəm bəy, baş prokurora müraciətiniz hansı zərurətdən doğdu?
- Bəlkə də 50 il yay aylarını Əylislidə keçirmişəm. Orada təmiz havada nəfəs almışam, hərəkətdə olmuşam. İndi isə yayın istisində Bakıdan çıxa bilmirəm. Bu da səhhətimə dəhşətli dərəcədə pis təsir edir. Digər tərəfdən, mən ədəbiyyat adamıyam. Tez-tez xarici tədbirlərə dəvət edirlər. Siyasi tədbirlərə dəvət olunmuram. Çünki bilirlər ki, siyasətlə məşğul olmuram. Bu yay iki dəfə Londondan dəvət aldım. Son günlərdə isə İsveçrədən dəvət aldım. Amma bunların heç birinə gedə bilmirəm. Bunlar öz yerində. Bəs səhhətimi necə edim? Yaşım o yaş deyil ki, ölkədən çıxmaq yasağım olsun. Şəxsiyyət vəsiqəm belə yoxdur. Təsəvvür edin ki, şəxsiyyət vəsiqəsi olmadan hara getmək olar? O ki qaldı Naxçıvana. Hətta şəxsiyyət vəsiqəsi olmadan klinikaya müraciət belə etmək mümkün deyil. Belə şəraitdə insan necə əzab çəkməyə bilər? Bu məktubu böyük ümidlə yazdım. Kiçik bir məktubdur və orada ancaq xahiş var. Xahişim ondan ibarətdir ki, bu yaşdayam, mənə imkan verin səhhətimdəki problemlərə qarşı normal şəraitdə mübarizə aparım. Ümidliyəm ki, bu yaşda olan bir yazıçının taleyini düşünəcəklər. Məsələ burasındadır ki, səhər, yaxud biri gün hər hansı bir hadisə həyatımda başıma gələrsə, o zaman gec olacaq. Bunun məsuliyyətini kim çəkəcək? Heç vaxt konfliktə getmirəm, siyasətə qoşulmuram. Ədəbiyyatçı ömrü yaşamışam. Bütün imkanlarım daxilində o ömrü vicdanla yaşamağa çalışmışam. İndi niyə bütün tədbirlərdən uzaqlaşdırılıram, ədəbi fəaliyyətim dayandırılır?
- Barənizdəki cinayət işi ilə bağlı vəziyyət nə yerdədir?
- Bu, elə bir cinayət işi deyil ki, onu araşdırmaq uzun vaxt aparsın. Belə işləri qısa müddətdə həll edirlər. Bu işin uzadılması ölkədən çıxışıma əngəl törətmək üçündür. Ölkədən çıxmağım nə mənada Azərbaycanımıza ziyan gətirə bilər? Tutaq ki, xaricə gedib bir ədəbi tədbirdə iştirak etdim. Oradakı iştirakım Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, siyasətinə, dövlətçiliyinə nə mənada ziyan verə bilər? Bunlar çox absurd şeylərdir. Heç vaxt Azərbaycanın mənafeyini heç bir xarici ölkədə tapdamaram. DSX əməkdaşına qarşı əl qaldırmağım çox absurd ittihamdır. Buna tək mən deyil, heç başqaları da inanmır. 80 yaşında bir ağsaqqal 30 yaşlı bir idmançı görkəmində olan birisini elə vurur ki, yerindən qalxa bilmir (gülür).
- Yaradıcılığınızı davam etdirirsinizmi?
- Yaradıcılıqdan qalan adam deyiləm. Taleyim ora elə bağlanıb ki, oradan uzaqlaşa bilmərəm. İnsanlar var ki, üzlərinə maska taxıb mənə qarşı hücuma keçirlər. Onu deyim ki, xalqa qarşı heç vaxt gedə bilmərəm. Çünki bu xalqın içərisindən çıxmışam.
- Son illərdə yazdığınız əsərlərin adını çəkə bilərsiniz?
- Son illərdə bir neçə əsərim çıxıb. Birinin adı belədir, “Dağlar deyir ki, soyuqdur”. Son yazılarımdan birinin adı da “Metro vaqonunda gün işığı”dır. Bunlar mətbuatda gedib. Jurnalist qardaş və bacılarımızın bir xüsusiyyətləri var ki, öz yazdıqlarından başqa heç nə oxumurlar (gülür). “Dağlar deyir ki, soyuqdur” əsərim Moskvada da çap olundu.
- Azərbaycanda hansı yazıçı və şairlərlə əlaqələriniz var?
- Aradabir gənc nəsildən olanlarla görüşlərim olur. Köhnə dostlarım var ki, onlarla əlaqələrim kəsildi. Bu da, görünür, tarixi bir zərurət idi. Bir dəfə demişəm, bu nə mənə, nə də onlara lazım idi. Azərbaycan ədəbiyyatına bu əlaqələr çox lazım idi. Ədəbi münaqişələrin olması ədəbiyyatın tarixinə yazılır. Onlarla aramda şəxsi inciklik, küskünlük olmayıb. Mübarizəm ədəbiyyatın saflığı, sərbəstliyi, heç kəsdən asılı olmamağı, xalqa yaxın olması uğrunda idi. Münaqişələrimiz də bu zəmində idi.
- Uzun illər çiyin-çiyinə bir yolu addımladığınız dostları itirmək sizin üçün ağırdır, yoxsa gənc nəsil onları əvəzləyə bilir?

“Qarabağla bağlı ümidim bir şeyədir...”

- Gənc nəsil onları əvəzləyə bilməsə də, mən onlarla aramda yaş fərqli hiss etmirəm. Əvvəldən yaş fərqinə heç vaxt fikir verməmişəm. 40-50 il əvvəl elə gənc yazarlar var idi ki, məndən 10-15 yaş kiçik idilər, amma mən ən çox onlarla oturub durmaqdan həzz alırdım. İndiki gənc nəsil də qəlbindəkilərlə müxtəlifdirlər. Amma hər halda, nə qədər qəribə olsa da, mənim söhbətim hər zaman onlarla tutub. Bir zamanlar həmişə bir yerdə olduğumuz dördlüyümüz var idi - mən, Anar, Yusif Səmədoğlu və Elçin. 60-cı illərdən 80-ci illərin sonlarına qədər bir yerdə olmuşuq. Hər hansı məsələni müzakirə edəndə, hansısa əsəri bir-birimizə oxutmaq istəyəndə həmişə bir yerdə olmuşuq. Təəssüflər olsun ki, bu artıq yoxdur. Heç kəsin üstünə günah yıxmaq istəmirəm. Amma bir daha deyirəm ki, dostlarımla münaqişələr ədəbiyyat zəminində yaranıb. Yazıçılar İttifaqından uzaqlaşmağımın səbəbləri hamıya məlumdur. Çünki bu, hər kəsin gözü qarşısında olub. “Azərbaycan” jurnalının baş redaktoru olduğumuz zamanlar ölkəmizdə qüdrətli yazıçı ordusu yetişmişdi. Oradan da özüm getdim.
- Rusiyanın yazıçı elitası ilə əlaqələriniz hər zaman olub. Kremlin Azərbaycanla bağlı mövqeyini necə dəyərləndirirsiz? Dağlıq Qarabağla bağlı ümidlisiniz?
- Rusiyanın yazıçı elitası üçün Dağlıq Qarabağ o qədər də yaxın mövzu deyil. Eyni zamanda rus siyasiləri üçün də bu məsələ maraq dairələrində deyil. Son zamanlar rus yazıçılarının heç biri ilə görüşməmişəm. 2012-ci ildə bir neçəsi ilə görüşdüm. Rusiyada Qarabağ məsələsinə mövqe müxtəlifdir. Hərənin bir fikri var. Amma onu deyim ki, rus ədəbiyyatçılarının böyük əksəriyyəti bu münaqişənin hər iki xalqın ziyanına olduğunu yaxşı bilir.
- Son aylarda Ermənistanda ciddi proseslər cərəyan edir. İnqilab baş verdi, Nikol Paşinyan baş nazir oldu və Azərbaycana yönəlik sərsəm açıqlamalarına ara vermir. Baş verənlərə münasibətiniz necədir?
- Müsahibənin əvvəlində dedim ki, siyasətə qarışmıram. Bu baxımdan siyasət aləmində baş verənləri proqnozlaşdırmaq mənim üçün çox çətindir. Siyasi dərinliyə getmək fikrində deyiləm. Çünki bu məsələlər olduqca mürəkkəbdir. Paşinyanın açıqlamalarında səsləndirdiyi fikirlər, davakar adam olması heç yerdə qəbul oluna bilməz. Qarabağla bağlı ümidim bir şeyədir: əgər hər iki tərəf bir yerdə oturub, məsələni dərindən müzakirə etsə, münaqişə həll olunar. Amerikadan, ATƏT-dən kiminsə gəlib, yaxud Merkelin bu məsələni həll edəcəyi mənə real görünmür. Bu xalqlar əsrlər boyu bir yerdə yaşayıblar, yeyib-içiblər, hətta qız alıb qız veriblər. İndi özləri dil tapsalar, bu vəziyyətdən çıxmaq olar.
- Sizin 80 illik yubileyiniz geniş müzakirələr doğurdu. Hətta deputat Fazil Mustafa da sizə status həsr etdi. Unudulduğunuz önə çəkildi. Daha çox dostlarınızın biganəliyi müzakirə mövzusu oldu. Bu yubileyiniz sizə nələri dedirtdi?
- Söhbət ondan getmir ki, ətrafımdakılar məni unutdu. Hər şeyi açıq danışaq, o insanlara sifariş verilsəydi ki, Əkrəmə rəğbət hissi göstərin, qaça-qaça yanıma gələcəkdilər. Divin canı şüşədə olduğu kimi, bu insanların da canı, həyatları öz əllərində deyil. Kimlərinsə gözündə yaxşı olmaq üçün yaşamaq, yaşamaq deyil. İnsan sərbəst olmalıdır.
- Son sualım: sizi son beş ildə məlum olaylara görə tərk edən dostlarınıza, yaxınlarınıza, oxucularınıza, sizi tənqid edənlərə sözünüz var?
- Oxucularımın heç biri məndən uzaqlaşmayıb. Onlar mənimlədir və mənimlə birlikdə də qalacaqlar. Yazıçı dostlarım da bəlkə ürəklərində heç məndən uzaqlaşmayıblar. Qəlblərinin bəlkə də bir yerində mənim indiki vəziyyətimə görə sızıltı var. Yazıçı ilə yazıçının, hökumətlə cəmiyyətin səmimiyyəti çox vacibdir. Bəlkə də indiki qədər buna bu qədər ehtiyac olmayıb.
“Yeni Müsavat”

Paylaş: