Polad Bülbüloğlunun qardaşına pul “atan”ın işi yenidən MƏHKƏMƏDƏ
Tarix: 20-09-2018, 10:45



Dələduzluqda təqsirləndirilən Məmməd Nəsibovun barəsində birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə başlayıb.
Open.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı oktyabrın 3-ə təyin edilib.
İttihama görə, M.Nəsibov vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı 400 min manata yaxın dələduzluq edib. Təqsirləndirilən şəxs İradə İsmayılovaya Hövsan qəsənəsində 15 sot sənədsiz torpağı 21 min 500 manata satıb, Çingiz Məmmədova Abşeronda yaşayış evi tiktirmək adı ilə onun 200 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. O, bundan başqa, M.Nəsibov Adilə Məmmədovaya 120 min, Gülnaz Xayirovaya 43 min, Bahar Ələkbərovaya 17 min və Bəhram Namazova isə 28 min 100 manatlıq dələduzluq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, zərərçəkmiş Ç.Məmmədov Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.

Paylaş: