“Bəzi xalq artistləri belə muğamı tam dəsgah halında oxuya bilmirlər”
Tarix: 20-09-2018, 08:34



Sabiq millət vəkili, tanınmış nasir Xeyrəddin Qoca Moderator.az-a açıqlamasında bəzi özünü müğənni adlandırıb, canlı ifa etməkdən boyun qaçıran xanəndələri qınayıb. X.Qoca belə adamların nə təhsillərinin, nə də səslərinin olmadığını bildirib:

“Vaxtı ilə xanəndələr Cabbar Qaryağdıoğluna imtahan verəndə, böyük sənətkar barmaqlarını tarın ən aşağı pərdəsinə qoyub deyərdi ki, “Bu səsi çıxar”. Hansı xanəndənin səsi həmin pərdəyə çatmırdısa, C.Qaryağdıoğlu deyirdi ki, “Bala, get özünə başqa sənət tap”. Çünki bütün Azərbaycan muğamlarında tarın axırıncı pərdəsində oxumaq yeri var...

Məhz buna görə də bizim bəzi xalq artistləri belə muğamı tam dəsgah halında oxuya bilmirlər. Məsələn, mərhum Hacıbaba Hüseynov muğamın gözəl bilicisi, yaxşı qəzəl ustası, böyük müəllim idi, amma səsi zilə çatmadığı üçün heç zaman muğam dəsgahlarını tam oxumurdu və ya oxuya bilmirdi... Özü də bunu etiraf edirdi. Zil səsi olan xanəndələrə deyirdi ki, “Kaş sizin səsiniz məndə olaydı, dünyanı dağıdardım”. 

İndiki gənc müğənnilərin çoxunun isə heç səsləri yoxdur. Məsələ burasındadır ki, Hacıbala Hüseynov gözəl oxuyurdu, çünki muğamın bütün sirlərinə bələd idi. İndikilərin çoxunun isə nə təhsilləri var, nə də oxuya bilirlər. Ona görə də canlı oxumaqdan imtina edirlər, çünki biabır olacaqlarından qorxurlar. Doğrusunu deyim, belələrini ekranda görəndə onların əvəzinə özüm utanıram! 

Ay xanım, ay kişi, səsin yoxdu, oxuya bilmirsən, oxuma da! Siz xalqın qarşısına çıxırsınız, axı! Ayıb deyil?”

Paylaş: