"Gənclərimiz mili musiqimizi qavrasınlar"
Tarix: 19-09-2018, 08:56



“Bu gün münasibətilə bütün xalqımızı təbrik edirəm! Çünki Üzeyir bəyin ad günü elə həm də xalqımızın bayramıdır; Milli Musiqi Bayramımızdır bu gün!  Elə neçə gündür ki, bu münasibətlə tədbirlərdəyik. Bu günün də açılışını bizim Milli Konservatoriyanın həyətində etdik, çox möhtəşəm tədbir oldu. Bundan sonra da başqa tədbirlərə gedəcəyik”. 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış xanəndə, Məcnun rolunu ən çox ifa edən sənətkar Mənsum İbrahimov deyib. 

Qeyd edək ki, bu gün dahi bəstəkar, çağdaş Azərbaycan musiqisinin  banisi hesab edilən, ictimai xadim, publisist Üzeyir bəy Hacıbəylinin anadan olduğu gündür. 1885-ci ilin bu günündə Ağcabədidə anadan olan Üzeyir bəy, uzun illərdi ki, həm Azərbaycan musiqisinə, həm də publisistikasına,  maarifçiliyinə sağlığında yazdığı əsərlərlə bu gün də xidmət edir. 
 
Mənsum İbrahimov bu gün də Üzeyir bəy şəxsiyyətinə olan münasibətdən, xalqın ona sevgisindən razı qalsa da,  kiçik əlavəsini də edib:

“Şükürlər olsun ki, həm dövlətimizin, həm də xalqımızın Üzeyir bəy Hacıbəyli şəxsiyyətinə münasibəti hər zaman yaxşı olub. 

Hesab edirəm ki, Üzeyir bəyə insanların, xalqın münasibəti, rəğbəti  bir az da çox olmalıdır. Üzeyir bəy şəxsiyyəti orta və ali məktəblərdə yeniyetmələrimizə, gənclərimizə aşılanmalıdır. Çünki görürsünüz ki, hərdən bəzi yad səslər, bayağı səslər ayaq açır və bu hamımızı narahat edir. Ona görə də, televiziya kanallarında, mətbuat orqanlarında Üzeyir bəyin təbliğatı daha  çox aparılmalıdr. Jurnalistlərimiz Üzeyir bəyi bir az da çox təbliğ etsinlər ki, gənclərimiz mili musiqimizi qavrasınlar, o zövqlə böyüyüb, tərbiyə olunsunlar. 

Paylaş: