MTRŞ-dan müğənnilərin televiziyaları sərt tənqid etməsinə münasibət bildirildi
Tarix: 14-09-2018, 15:20



Tanınmış müğənnilər insanların mənəviyyatını korlayan verilişlər və aparıcılarla bağlı MTRŞ-ya müraciət edib.
Belə ki, müğənni Nura Suri bu haqda sosial şəbəkədə paylaşım edib: “Bu reytinqi nəyə əsasən təyin edirlər? Kim edir? Necə olur ki, dünən yazdığım statusa bu qədər adam şərh yazır və hamı dəstəkləyir. Deməli, hamı efirlərdəki vəziyyətdən narazıdır. MTRŞ-ə bir çox müğənnilərin adından müraciət edərək xahiş edirik ki, bu barədə ölçü götürülsün və müvafiq qaydalar tətbiq olunsun. Milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olsun”.
İfaçıya ilk dəstək əməkdar artist lalə Məmmədovadan gəlib. O bildirib ki, məsələ ilə bağlı ölçü götürülməlidir: “Nə təhsilləri var, nə tərbiyələri, nə musiqi anlayışları, nə də dünya görüşləri. Ancaq millətə əxlaq, mənəviyyat dərsi keçirlər. Vay halımıza ki, bizi layiqsizlər təmsil edir. Müvafiq qurumların bunu görməzdən gəlməsi mənəviyyatımıza ən böyük zərbədir”.
Daha sonra Günay İbrahimli, Elvin Abdullayev, Səidə Sultan da həmkarlarına qoşulub.
Musavat.com məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovun fikrini öyrənib.
O, bildirib ki, radio və televiziyalar qurumun diqqətindədir: “Şou nümayəndəsidir, şərh verib, yaxşı edib. Biz dövlət qurumuyuq, ona nə şərh verək? Onsuz da, davamlı monitorinqlər aparırıq. Nura Suri və ya hansısa müğənni desə də, deməsə də, radio və televiziyalar diqqətimizdədir. Qanun çərçivəsində bütün xoş olmayan məsələlərin qarşısını alırıq. Məsələlərə şəxsi aspektdən deyil, qanun çərçivəsində yanaşırıq”.
Musavat.com

Paylaş: