“Bakının qurtuluşu, Nuru Paşa ilə bağlı film çəkilsə, bunlara diqqət etmək lazımdır...”
Tarix: 14-09-2018, 10:02



“Hesab edirəm ki, Nuru Paşa şəxsiyyəti, Bakının işğaldan azad olunması hadisəsi kino üçün çox ciddi  və məsuliyyətli məsələdir. Hadisələrin işıqlandırılmasına diqqətlə yanaşmaq lazımdır. Amma əldə olunan təcrübələr, nəticələr buna diqqətlə yanaşmağın vacibliyini göstərir”.

Bunu Moderator.az–a açıqlamasında xalq artisti, tanınmış rejissor Ramiz  Həsənoğlu deyib. 

Qeyd edək ki, iki gündən sonra şanlı bir tarixin – Bakının yadellilərdən azad olunmasının (1918-ci il  15 sentyabr) 100 illik yubileyi tamamlanacaq. Cümhuriyyət tarixində 28 May İstiqlaliyət elanından  sonra, ikinci böyük  hadisə  məhz Bakının işğaldan azad olunmasıdır. 
Bu böyük tarixi hadisə ilə bağlı film çəkilsə əsasən nələri qabartmaq, hansı tarixi detalları önə çəkmək lazımdır?
Ramiz Həsənoğlu bu suala cavab verməzdən əvvəl, Nuru Paşa, Bakının işğaldan azad olunması ilə bağlı çəkiləcək filmin çox ciddi və məsuliyyətli iş olduğunu  və onun üçün lazım olan əsas meyarı önə çəlib:

“Biz vaxtilə “Fatehlərin divanı” layihəsini ərsəyə gətirdik. Mənim aləmimdə bu hadisələri elə “Fatehlərin divanı” çərçivəsində həyata keçirmək arzu olunardı. Elə məsələdir ki, əgər bunu filmə çəkəcəklərsə, bunun üçün külli miqdarda vəsait lazımdır. Təbii ki, gerçəkdən yararlı, sanballı iş istəyirsənsə...  Yoxsa, az vəsaitlə, yetərsiz şəraitlə bunu etməyin qəti əleyhinəyəm. Hesab edirəm ki, bu, çox ciddi məsələdir. Nuru Paşa ilə bağlı çəkiləcək filmdə də yüksək səviyyəli sənətkarlar cəlb olunmalıdır. 
Bizim yeni yaranan bir neçə qurum var ki, bu istiqamətdə işlərə başlayıblar. Mən, xüsusən Bakı Media Centeri nəzərdə tuturam. Onların bu mövzuya yaxın olan “Son iclas”, ”Əbədi ezamiyyət” filmlərini nümunə göstərmək olar. 
Nuru Paşa ilə bağlı çəkiləcək film özünü miqyasına, çəkisinə görə seçilməlidir. Bunun üçün bir daha deyirəm, çox güclü mütəxəssilər cəlb olunmalıdır. Həm ölkə  daxilindən, həm xaricdən...”

Paylaş: