"Eurovision 2019"un keçiriləcəyi şəhər dəqiqləşdi
Tarix: 13-09-2018, 14:43



Beynəlxalq mahnı müsabiqəsi "Eurovision 2019" İsrailin Təl-Əviv şəhərində keçiriləcək.
Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə müsabiqə təşkilatçısının mətbuat xidməti məlumat yayıb. 64-cü mahnı yarışması mayın 14-dən 18-dək baş tutacaq.
Qeyd edək ki, bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision 2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O, “TOY” ("Oyuncaq") mahnısını ifa edərək, 529 xalla yarışmada birinci yerə çıxıb.
Bundan sonra İsrailin baş naziri Binyamin Netenyahu “Twitter” hesabında Nettanı təbrik edib və müsabiqənin gələn il Qüdsdə keçiriləcəyini bəyan edib. Lakin sonra “Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları və Avropa Yayım Birliyi (AYB) müsabiqənin Qüdsdə keçirilməsinə razılıq verməyib.
Təşkilatçılar və AYB yarışın hər hansı münaqişələrə və ya etirazlara yol aça biləcək məkanda keçirilməsinə qarşı olduğunu bildiriblər. Eyni zamanda qeyd edilib ki, İsrail konkursu Qüdsdə keçirsə, bir çox Avropa ölkələri mahnı müsabiqəsini boykot edə bilər.

Paylaş: