“BadClause” Qaraqanla niyə duet oxumaq istəmir?
Tarix: 12-09-2018, 12:09



Azərbaycana repi ilk dəfə şəhid jurnalist Çingiz Mustafayev gətirmişdi. Rep ilk çıxdığı zamanlarda ölkəmizdə sevilməsə də sonralar bu musiqi növünə maraq artdı. Azərbaycanda insanlara repi sevdirən ilk simalardan biri Hüseyn Dərya olmuşdu. Hazırda isə ölkəmizdə bir çox rep qrupu və reper var.
Son dövrlərdə gənclər tərəfindən ən çox dinlənən reper isə “Badclause”dir.

AzNews.az BadClause ilə müsahibəni təqdim edir.
- Özünüzü necə təqdim edirsiz?
- Mirmövsüm Əhmədov Elşən oğlu. 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Musiqiçi ailəsində böyümüşəm. Lirik tərzdə rep musiqisiylə məşğulam, ləqəb də təbii ki, BadClause.
- Nəyə görə BadClause?
- Sırf bu sualı versinlər deyə... (gülür)
- Neçə ildir replə məşğulsunuz?
- 2013-cü il 5 iyulda BadClause ləqəbiylə başlamışam. Təxmini 5 il.
- Repə maraq nə zaman yarandı? Necə bildiniz ki, siz də yaza bilirsiniz?
- İlk dəfə Türk reperi olan Cezanı eşitmişəm. Təxminən 2004-cü ildə. Deyiliş tərzi, axıcılıq və sürəti xoşuma gəlib, sonra digər türk reperlərinə qulaq asmağa başlamışam. Nəhayət, 2007-ci ildə yerli olan H.O.S.T qrupunu tanımışam. Mahnıları zümzümə edə-edə deyilişə öyrəşmişdim. İlk dəfə necə olub, heç yadımda deyil.
- İlk repinizi neçə il öncə yazmısınız? Hazırda o qalırmı?
- İlk dəfə yazan vaxtlarda ləqəbim yox idi, sadəcə, yazırdım. Sonralar studiyada səs yazmaya başlamışdım, elə Miri ləqəbiylə yazırdım yazılarımı. Hardasa, 2009-ci ilə təsadüf edir yəqin ki.
- Daha çox lirika yazırsınız. İnsanlar elə düşünürlər ki, lirika yazırsa, deməli, sevgidə bəxti gətirməyib. Sizin də sevgidə bəxtiniz gətirməyib?
- Lirika sırf sevgi demək deyil, sadəcə bu adda olan tərz nisbətən sakit atmosferlidir deyə ilk ağıla sevgi gəlir. Bəxt mövzusu da gələcəkdə bilinəcək ki, bu günkü bəxtim həqiqətən gətirib ya yox.
- Öz həyatınıza aid etdiyiniz rep varmı? Varsa, hansıdır?
- Əslində əksəriyyəti öz həyatımdandır. Sadəcə, üzərində xeyli yaradıcılıqdan istifadə etmişəm deyə, bir yaşadığımı beş olaraq izah eləmişəm. Bu da işin əsasıdır məncə. Nə də olsa yaradıcıyıq, yaşananın eynisini yazmaq lüzumsuz olardı.
- Gələn albomda Alim Qasımovla birgə işiniz var. Çətin olmadımı Alim bəylə birgə oxumaq?
- Bəli, düzdür. Bir növ qürur hissi verdi. Çünki uşaqlıqdan bəri səsini bilib özünü heç görmədiyim bir sənətkar idi Alim Qasımov. Birgə layihə ərsəyə gətirməyimiz, məncə kariyeramın ən böyük uğurlarından biridir, hətta ən birincisi. Alim bəyin özü haqqında açığı bir düşüncəm ya da təxəyyülüm yox idi, amma olsaydı belə əminəm ki, yanılacaqdım. Çünki düşünüləndən qat-qat mükəmməl biridir.
- Sura xanımla duetiniz yaxşı qarşılandı, başqa duetlər olacaqmı?
- Hələ ki, belə bir planımız yoxdur. Həmçinin bu da planımızda yox idi.
- Başqa kimlərlə duet gözlənilir?
- Deyəsən heç kimlə. Bu duet mövzularını öncədən planlaşdırmıram deyə, bir şey deyə bilmərəm, xeyirlisi olsun.
- Arzusunda olduğunuz elə bir adam varmı ki, duet oxuyasınız?
- Heç düşünmədən Qaraqan deyərdim, amma düşünüb H.O.S.T qrupunun hər hansı bir üzvü deyirəm. Qaraqanla tanışlığım olsa belə, hətta duet üçün şəraitim olsa belə, nəinki cəhd, heç istəyim belə olmaz. Çünki şahla vəzir lap öpüşüb görüşsə belə, biri şahdır, biri də vəzir. Yəni hər şeyin öz yeri var.
- Azərbaycan repində özünüzə kimi rəqib görürsünüz? Kimləri dinləyirsiniz?
- Rəqib görmürəm, çünki yarışma kimi bir məqsədim yoxdur. Çox adam dinləyirəm, kim özünü dinlənməyə layiq sayırsa, əmin olsun ki, onu dinləyirəm.
- Yaxın zamanlarda konsert, track və ya albom gözlənilirmi?
- Bu ilin (2018) sonunda böyük ehtimal bayaq sözügedən “Havaodsutorpaq” albomu işıq üzü görəcək. Hardasa bir ildən çoxdur ki, albom hazırdır. Sadəcə gözlədiyimiz kütlə hələ ki, yığışmayıb. Tox adamların süfrəsinə aş gətirmək istəmirik hələ, qulağı pas bağlayan, musiqiyə ac olan kəsləri gözləyirik.
- Sizi sevənlərə sözünüz varmı?
- Bəli, var. Təhsil vacibdir. Sevgiylə qalın.

Paylaş: