Nazir Milli Kino Günü ilə bağlı tədbirdə
Tarix: 3-08-2017, 12:26


Ötən gün Nizami Kino Mərkəzində Milli Kino Günü ilə əlaqədar tədbir keçirilib.
Musavat.com xəbər verir ki, mərasim Azərbaycan kinosu ilə bağlı bu il keçirilən tədbirlər, festivallar, qala gecələri haqqında hazırlanmış video-çarxın nümayişi ilə başlayıb. Tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, incəsənət xadimləri, sənət dünyasının tanınmış simaları qatılıb.
Nazir səhnəyə çıxaraq günün önəmindən, kino sahəsindəki inkişaf və yeniliklərdən bəhs edib. Kino işçilərinin peşə bayramını təbrik edən nazir sözügedən sahənini inkişafı üçün atılan addımlardan danışıb.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsal etdiyi “Nar bağı” bədii filminin təqdimatı olub. Nümayişdən öncə filmin kollektivi səhnəyə çıxaraq təəssüratlarını bölüşüb. Filmin rejissoru İlqar Nəcəf “Nar bağı” bədii filminin 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunduğunu və Qurban İsmayılovun “Ən yaxşı kişi rolu” mükafatına layiq görüldüyünü vurğulayıb. Sonda film nümayiş olunub.
Qeyd edək ki, filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

Paylaş: