Rejissordan Vaqif Mustafayevin mükafat almasına münasibət: “O, mənim ovcumda böyüyən uşaqdır”
Tarix: 2-08-2017, 13:39



“Sənətkar üçün ən böyük bayram çəkiliş meydançasında olmaqdır”.
Bunu AzNews.az-a açıqlamasında Əməkdar İncəsənt xadimi Əbdül Mahmudbəyov Milli Kino Günündən danışarkən bildirib. Onun sözlərinə görə, bir qrup sənətkar Milli Kino Gününü Şamaxıda çəkiliş meydanında qeyd edir:
“Biz ancaq boş-bekar olanda bayram məsələsi ilə məşğul oluruq. Hazırda bir qrup kino işçisi iləı birlikdə çəkiliş meydançasındayıq. Mən də qoca kişi olaraq onların arasındayam. Bizim üçün ən böyük bayram işləməkdir. İlk növbədə işimiz sənətlə məşğul olmaqdır”.
Əbdül Mahmudbəyov Milli Kino Bayramı ilə əlaqədar Azərbaycan Kinemotoqrafçılar İttifaqı tərəfindən bir qrup sənətkarların mükafatlandırılmasına aydınlıq gətirib:
“Mən həmişə deyirəm ki, gəlin bizə verilən mükafatlardan imtina edək. Çünki, bu adlar sənətə, obrazlara deyil, şəxsi münasibətlərə görə verilir. Bir adama “Xalq artisti” adı verildiyi halda, xalq onu tanımırsa həmin şəxsə bu ad niyə verilməlidir? Azərbaycan Kinemotoqrafçılar İttifaqının Milli Kino Günü ilə bağlı Xalq artisti Vaqif Mustafayevə verdiyi mukafata gəlincə, onu deyə bilərəm ki, o məktəbi, sənəti, həyatı da Vaqifə mən vermişəm. O, mənim ovcumda böyüyən uşaqdır. Onun bütün uğurları məni sevindirir. Niyə də almasınlar. Amma, layiq olmayanlara veriləndə bu adamı incidir, ruhdan salır. Deyirlər ki, filankəsin ulu babası sənətkar olub, ona görə həmin adama ad verirlər”.
Avqustun 2-si Milli Kino Günüdür. Azərbaycan Kinemotoqrafçılar İttifaqı bu bayramla əlaqədar ən böyük mukafatı Xalq artisti, “Space” telekanalının prezideti Vaqif Mustafayevə təqdim edib.

Paylaş: