Yaşar Nurinin doğum günüdür
Tarix: 3-09-2018, 13:27



Bu gün Azərbaycanın sevimli xalq artistinin doğum günüdür.

BakuPost xəbər verir ki, bu gün mərhum Yaşar Nurinin 67 yaşı tamam olur.

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Səhnəyə ilk dəfə on bir yaşında, ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında "Tapdıq" rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənir.

İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu "hazır aktyor" sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaradıb.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Yaşar Nuri 1975-ci il noyabr ayının 28-də Rəhimə xanımla ailə həyatı qurub. Rəhimə xanım müəllimədir. Onların iki qız övladı var: Ülviyyə və Ülkər.

Aktyorun yubileyləri hər dəfə təntənəli şəkildə keçirilib. 1981-ci ildə 30 illik yubileyində o, ilk fəxri adını - əməkdar artist adını alıb. 1991-ci ildə 40 illik yubileyində ona "Yaramaz" filmindəki roluna görə Dövlət Mükafatı verilmişdi. 1996-cı ildə 45 illiyinə həsr olunmuş "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar Olduğu kimi" sənədli filmləri çəkilib. 2011-ci ildə Yaşar Nurinin 60 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunub.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Allah rəhmət eləsin!

Paylaş: