"Sevda Ələkbərzadə "Rast" qrupuna gələndə musiqi təhsili yox idi" — Rəşad Haşımov
Tarix: 20-08-2018, 11:04



"Rast" qrupunun bədii rəhbəri, əməkdar artist Rəşad Haşımov "Sevilənlər" proqramında qonaq olub.
 "Ölkə.Az"-ın məlumatına görə, tanınmış musiqiçi övladları,  sənətə gəlməsi və rəhbərlik etdiyi qrupu yaratmasıyla bağlı xatirələrini bölüşüb. Musiqiçi həmçinin Sevda Ələkbərzadənin qrupu tərk etməsindən də danışıb:
"Sevda Ələkbərzadə qrupa gələndə 14-15 yaşı vardı, musiqi təhsili yox idi. Bacısı Elmira Ələkbərzadə ilə tələbə yoldaşı olmuşduq. Sevda bizim qrupda püxtələşdi. Xeyli işlər gördük və axıra yaxın hiss etdik ki, alınmır, dincəlməyə ehtiyac var. Dedik ki, bir-birimizi niyə aldadaq? Sanki hər şey tükənmişdi. Ümumiyyətlə, bəzən işində fasilə verməlisən, öz imkanlarını qiymətləndirməlisən, imkanlara yenidən baxmalısan. O gedəndə hamı şokda idi. Ancaq biz çox səmimi, dostcasına yollarımızı ayırdıq. Çoxları gözləyirdi ki, aramızda qalmaqal olacaq".
R.Haşımov övladları barədə də söz açıb:
"Böyük qızım beynəlxalq əlaqələr üzrə mütəxəssisdir, hazırda ailə qurub. İkinci övladım-oğlum oxuyur, rep deyir, ədəbiyyatla maraqlanır, şeir yazır, eyni zamanda bizimlə birlikdə çalışır. Sözün doğrusu, mən Mircamala axıra qədər inanmırdım. Deyirdim ki, get, işinlə məşğul ol. Ancaq bir dəfə Riqadan mənə musiqi göndərdi. Dedi ki, sən mənim musiqilərimi qəbul etmirsən, ancaq burada radiolar verir. Hazırda "Rast" qrupunun solisti Lamiyə Kərimovadan vokal dərsləri də alır. Kiçik övladım isə bu il ali məktəbə daxil olub". 
Qeyd edək ki, "Sevilənlər" verilişi AzTV-də Nərgiz Cəlilovanın aparıcılığıyla yayımlanır. 

Paylaş: