Fədayə Laçının sənətçi həmkarları onun məhkəməsinə gəlirmi?
Tarix: 15-08-2018, 10:41



Məlum olduğu kimi, avqustun əvvəlindən müğənni Fədayə Laçın və digər 12 nəfərin məhkəmə prosesi başlayıb. Əgər əməli sübuta yetirilərsə, onu 6 ilə qədər həbs cəzası gözləyir. Digər təqsirləndirilən şəxslərdən polkovnik Bəhruz Abdullayevə qarşı elan edilmiş ittihamların sübuta yetiriləcəyi təqdirdə onu 20 ilə qədər, konvoy əməkdaşlarını isə 19 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
Xatırladaq ki, cinayətlə bağlı müğənni saxlanıldıqdan bir qədər sonra 9 xalq artisti prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək Fədayə Laçının sənət adamı kimi xidmətlərini nəzərə alıb, bağışlanmasını istəmişdilər. Həmin müraciəti Alim Qasımov, Aftandil İsrafilov, Rafiq Bayramov, Arif Babayev, Mənsum İbrahimova, Zaur Rzayev, Nazpəri Dostəliyeva, İlqar Muradov, Səkinə İsmayılova imzalamışdılar.
Maraqlıdır, onlardan bu gün Fədayə Laçınla maraqlanan və ya məhkəməsini izləyən varmı?

İlk öncə müğənninin bacısı İlahə Fəda ilə əlaqə saxladıq. O bildirdi ki, sənətçinin vəziyyəti hazırda yaxşıdır: “Bildiyiniz kimi, istintaq müddəti başa çatıb. Artıq avqustun 3-dən məhkəmə prosesləri aparılır. Düşünürəm ki, məhkəmə prosesi 2-3 ay  davam edəcək. Özü ilə də görüşürük, vəziyyəti yaxşıdır. Aparılan məhkəmə prosesindən də narazı deyil. Həmkarları tez-tez zəng edir, onun barəsində maraqlanırlar. Hətta məhkəmə prosesində iştirak etmək istəyən sənətkarlar da var. Məsələn, xalq artisti Aftandil İsrafilov mütəmadi olaraq bizimlə əlaqə saxlayır, Fədayəni soruşur. Sağ olsun, bacımın xətrini çox istəyir. Ümumiyyətlə isə sənət adamları Fədayə Laçına çox böyük dəstək olur, xüsusən də xalq”.

Muğam ustası, xalq artisti Arif Babayev müğənninin hazırkı vəziyyəti ilə bağlı maraqlanmasa da, onun azadlığa çıxmasını arzuladığını bildirdi: “Əgər o müraciətə imza atmışdımsa, demək, ona yazığım gəlir, istəyirəm ki, ona köməklik etsinlər. İnanıram ki, bu köməklik olunacaq. Qadındır, yəqin ki, nəzərə alınar. İndi səhv olur da... Allah ona kömək olsun”.

Xalq artisti Səkinə İsmayılova isə yalnız son xəbərləri izləyə bilmədiyini dedi:  “Onunla bağlı əvvəlki mövqedəyəm. Bir ana, azərbaycanlı qadın kimi istəyərdim ki, azadlığına, övladına qovuşsun. Son onunla bağlı xəbərləri izləmək imkanım olmasa da, istərdim ki, Allah tezliklə qapısını açsın”.

Xalq artisti Mənsum İbrahimov isə müğənni ilə bağlı prosesləri mətbuatdan izlədiyini bildirdi: “Bilirəm ki, son vaxtlarda məhkəmə prosesləri aparılır. Bu haqda mətbuatdan izləyirəm. Həmin müraciətə qol çəkəndə məqsədimiz bu idi ki, məsələyə ədalətli baxılsın”.
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
“Yeni Müsavat”

Paylaş: