“Mənə elə gəlir ki, Nəsimini Azərbaycan xalqına Rasim Balayev sevdirdi”
Tarix: 9-08-2018, 09:04



Xalq artistimiz Rasim Balayevin bu gün doğum günüdür. Sənətkarın yetmiş yaşı tamam olur. Bu münasibətlə onu dostları təbrik edir, haqqında müsbət fikirlər söyləyirlər. 

Xalq artisti Ramiz Novruz Moderator.az-a açıqlamasında bildirdi ki, bu gün doğum günü olan Rasim Balayevi özünə böyük qardaş hesab edir:

“Rasim Balayev ən çox sevdiyim aktyordur. Bizim sənət adamı olaraq orta məktəb dövründən elə sənətkarlara baxaraq sənətə gəlmişik. Açığını deyim ki, "Nəsimi" filmindən sonra mən bir ay Nəsimi kimi şeir oxuya-oxuya gəzirdim. Mənə elə gəlir ki, Nəsimini Azərbaycan xalqına Rasim Balayev sevdirdi. Çünki Nəsimi deyəndə, birinci onun siması göz önünə gəlir. Böyük, sevimli sənətkarımızdır. Sənətinə və şəxsiyyətinə çox hörmət etdiyim bir aktyordur və bəzən onun haqqında nəsə yazırlar, onu da öz ünvanıma götürürəm. Onu çox istəyirəm. Rasim Balayev o sənətkarlardandır ki, yüzlərlə adama bu sənəti sevdirib, ona baxıb sənətə gəliblər. Mən şəxsən Nəsimini filmdən sonra oxumağa başlamışam. Onun digər rolları da gözəldir. Rasim Balayev konkret bir ampluası olan aktyor deyil, hərtərəflidir. Belə aktyorlarımızın qədrini bilmək lazımdır. Ona öz böyük qardaşım kimi baxıram. Özümü onun yanında tələbə sayıram. Belə sənətkarlarımız çox olsa, sənətimiz inkişaf edər. Bu yaxında ölkə başçımız onu “Şərəf” ordeni ilə təltif etdi. Ölkə başçımız çox sağ olsun. Rasim Balayev buna layiq idi”.

Paylaş: