Tanınmış rejissorlar kinomuzun bu gününə QİYMƏT VERDİLƏR
Tarix: 2-08-2018, 15:57



2000-ci ildən etibarən 2 avqust tarixi Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət olub.
Azərbaycan kinosunun indiki durumu necədir?


Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Ayaz Salayev Modern.azsaytına açıqlamasında deyib ki,  hazırda iki cür Azərbaycan kinosu var:


“Birincisi dövlət sifarişi ilə çəkilən filmlərdir və bunların bir qismi dünya festivallarına çıxır, ölkəmizi təmsil edir. İkinci növ Azərbaycan kinosu isə özəl pula çəkilən, ucuz, səviyyəsiz filmlərdir. Dövlət kinoya  daha çox qayğı göstərməlidir ki, birinci kateqoriyadan olan filmlərimiz qalib gələ bilsin”.


A.Salayev hazırkı  Azərbaycan kino sahəsini Sovet dönəmi ilə müqayisə edənzaman belə deyib:


“Həmişə deyirəm ki, Sovet dövründə çəkilən Azərbaycan filmlərindən biri də dünya festivallarına çıxmayıb. Amma müstəqillik əldə ediləndən sonra yeni çəkilən filmlər festivallarda ölkəmizi təmsil edə bilib”.


Televiziya və kino rejissoru, Xalq artisti  Ramiz Həsənoğlu Azərbaycan kinolarının   indiki durumunu qiymətləndirməyin çətin olduğunu deyib:


“Açığı, çətin sualdır və buna  birmənalı cavab vermək mümkün deyil. Sovet dövrü başqa idi. O vaxt idarə olunma sistemi, meyarlar  fərqli olub. Bu baxımdan  müstəqillik dövrünün filmləri ilə həmin dövrün filmlərini müqayisə etmək düzgün deyil”.


Xalq artisti qeyd edib ki, hazırda beynəlxalq festivallara çıxan filmlərin sayı azdır:


“Bizim bir çox filmlərimiz - “Nabat”,  Ayaz Salayevin “Yarasa” filmi və başqaları beynəlxalq festivallarda yüksək yerlər  tutub.  Amma indi niyə az filmlər festivallara çıxa bilir? Çünki indi az film çəkilir. Lazım olan vəsait ayrılmır”.

Paylaş: