"Bizim telekanalların heç birinə baxmıram, ancaq heyvanlar aləminə baxıram..."
Tarix: 1-08-2018, 09:19



Xalq artisti Yalçın Rzazadə uzun müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkir. 
 O, Moderator.az -a müsahibəsində son zamanlar ümumiyyətlə heç kimi görmək istəmədiyini bildirib.

Xalq artisti ilə qısa müsahibəni təqdim edirik:

- Yalçın müəllim, isti yay günlərini necə keçirirsiniz?

- Heç nə etmirəm. Elə isti yay günlərində evdə oluram.

- Efirlərimizdə tez-tez görünmürsünüz, bu nəylə bağlıdır?

- Bu mənim özümlə bağlıdır. Emosional insanam. Gündə neçə dəfə televiziyalardan zəng vururlar, amma imtina edirəm. Yorulmuşam, istidi. 

- Ümumiyyətlə efirlərimizə qarşı münasibətiniz necədir?

- Mən efirlərimizə baxsam, bu haqda nəsə deyə bilərəm. Bizim telekanalların heç birinə baxmıram. Ancaq heyvanlar aləminə baxıram. Əlbəttə bununla bərabər musiqiyə də qulaq asıram. 

- Xarici telekanallarda filmləri izləmirsiniz?

- Xeyr. Çox az hallarda izləyirəm. Hər yerdə partlayış hadisələri - filan eşitməkdən zəhləm gedir. Musiqiyə qulaq asıram, hərdən bir az gəzişirəm, heç kəslə əlaqə saxlamıram. Heç kəsi özəl olaraq görmək istəmirəm.

- Heç kimi görmək istəməməniz nəylə bağlıdır?

- Bu həyatla, həyatın qanunları ilə bağlıdır. Həyat çətindir. Baş verən hadisələrin çoxundan heç xəbərim olmur. Məsələn, mən indi istirahətdə ola bilərdim, amma dərslər başlayır, mən yenə işləməliyəm. Həmişə deyirəm ki, sənətkarın sənətindən ayrılması, onun sənət ölümü deməkdir. Yəni sən professionalsansa, öz üzərində çalışmalısan. Mən özümə qarşı çox tələbkaram. İndi də mahnılarım var, onlar üzərində çalışıram. 

- Bəs səhhətiniz necədir?

- Səhhətim çox pisdir. Əməliyyat olunmalıyam, amma eləmirlər, çünki təzyiqim yüksəkdir. Əməliyyat zamanı narkozdan ayılmamaq ehtimalı var. Ona görə də bir az çəkinirəm. 

Paylaş: