Musiqi festivalına siyasi don geyindirmək düzgün deyil
Tarix: 27-07-2018, 12:16



“Jara” hər şeydən öncə beynəlxalq musiqi festivalıdır və bunu elə mühüm incəsənət hadisəsi kimi də qəbul etmək lazımdır, ona siyasi don geyindirmək, siyasi eynəklə baxmaq düzgün deyil.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib: "Məsələyə bu kontekstdən yanaşa bilsək, görəcəyik ki, orada kiminsə iştirak edib-etməməsi ən sonuncu məsələlərdən biridir. Çünki söhbət musiqidən, incəsənətdən gedir və bu musiqi hadisəsi nəticə etibarilə həm də Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin təbliğ olunmasına xidmət edir. Ona görə də bu məsələ ətrafında sosial şəbəkələrdə və bəzi media qurumlarında yaradılmağa çalışılan süni ajiotaj yersizdir. Nəzərə almalıyıq ki, bizim torpaqlarımızı işğal edən Ermənistandır və biz bu işğalçı ölkəyə görə hamı ilə düşmən ola bilmərik. Tam əksinə, problemin həlli üçün bizə dostlar lazımdır və biz onları qazanmalıyıq. Əgər bu gün Rusiya vətəndaşı olan, kürd mənşəli bir rusiyalı müğənni Azərbaycan mədəniyyətinə, musiqisinə, dünyada multikulturalizmin paytaxtı kimi qəbul edilən Bakımıza rəğbətini bildirirsə, buraya gəlmək istəyirsə, doğma dilimizdə musiqi səsləndirmək istəyirsə, məncə bunu normal qəbul etmək lazımdır. Necə ola bilər ki, Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən, bütöv bir ili "Multikulturalizm ili" elan edən, "İslam Həmrəyliyi ili" elan edən və bunu əslində dinlərarası dialoqa çevirməyi bacaran bir ölkə onun mədəniyyətini və incəsənətini daha yaxından tanımağa çalışan bir incəsənət xadiminə qapılarını aça bilməsin?”
Deputat vurğulayıb ki, Azərbaycan dünyada tolerantlıq məkanı kimi tanınır, əməkdaşlıq və tərəfdaşlıq məkanı kimi tanınır:
“Ona görə də belə məsələllərə bir qədər soyuqqanlı, təmkinli yanaşmaq daha obyektiv və realist düşünməyimizə gətirib çıxara bilər. Ancaq təəssüf ki, bəzi hallarda realist mövqedən çıxış edən şəxslər və qurumlar öz mövqelərinə görə hücuma məruz qalırlar. Elə sosial şəbəkələrdə Xəzər TV-nin bir qrup sosial şəbəkə iştirakçısı tərəfindən şantaja məruz qalması da bu hadisələrdən biridir. Çünki bu televiziya məsələ ətrafında yaradılan süni ajiotajı doğru məcraya yönləndirməyə çalışan informasiya qurumlarından biridir. Artıq “Jara” beynəlxalq musiqi festivalı başlayıb və həmişə olduğu kimi, bu dəfə də paytaxt sakinləri tərəfindən olduqca maraqla və coşqu ilə qarşılanıb. İnanırıq ki, bu müsiqi festivalı Azərbaycan musiqi və incəsənətinin, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfəsini verən mühüm tədbirlərdən biri kimi yadda qalacaq”.

Paylaş: