“Oğlum musiqiçidir, onun iqtisadiyyat sahəsində nə işi var?” — Könül Kərimovadan 32 min manatlıq ittihamlara cavab
Tarix: 19-07-2018, 13:28



Əməkdar artist Könül Kərimova oğlunu 32 min manat müqabilində Azərbaycan Dövlət İqtisad Universitetinə düzəltmək istəyib.
“Ölkə.Az”ın məlumatına görə, bu faktla əlaqədar  Bakı Ağır Cinayətlər məhkəməsində cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Məlahət Məmmədovanın məhkəmə prosesi başlayıb.  İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyi vədini verib. O, bu işə görə K.Kərimovadan ümumilikdə 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.
Qeyd edək ki, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 min manata yaxın pulu dələduzluq edib.
“Ölkə.Az”ın həqiqətən oğlunuzun ali məktəbə daxil olması üçün 32 min manat pul vermisiz sualına əməkdar artistin cavabı belə oldu:
“Oğlum Rəşad Bülbül adına musiqi məktəbini bitirib, onun iqtisadiyyat sahəsində nə işi var? Əsgərliyə də gedib-gəlib. İndi Musiqi Akademiyasının müəllimlərindən dərs alır, hazırlaşır sənədlərini ya Musiqi Akademiyasına, ya da İncəsənət Universitetinə verəcək. O musiqiçi ailəsində doğulub, musiqiçidə olacaq.
Məlahət Məmmədova ilə  tanışlığımız isə onun oğlunun nışan mərasimində yaranıb, məclislərini aparmışam. Belə tanış olduq və sonra qardaşının balasının toyunu oxudum, yüksək qonorar da verdilər. Çox yaxşı xanım idi, namaz qılırdı, səmimi münasibətimiz yarandı, bir-birimizin evinə gedib-gəlirdik. Həyat yoldaşı da həkimdir. Bir gün gəldi ki, pul lazımdır, borc istədi. Mən də münasibətimiz olduğuna görə, 1 ayın içində 15 min bir verdim, 17 min də bir. Bir müddət keçdi, borcu qaytara bilmədi. Gördü ki, bu pulu belə qaytara bilmir, təklif elədi ki, pulun əvəzinə oğlunu İqtisad  Universitetinə düzəldim, lap xarici universitetlərə düzəldim. Mən də fikirləşdim, dediyi ilə razılaşmadım, pulumu geri istədim. O isə pulun 10 min manatını hissə-hissə qaytardı. 2012-ci ildə eşitdim ki, tutulub. Əlim gəlmədi o zaman ondan şikayətçi olum. İndi də bu işlərlə vəkil məşğuldur”. 
Qeyd edək ki, Məlahət Məmmədova 2012-ci ildə dələduzluq maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Paylaş: