Xalq artisti Vasif Adıgözəlovun doğum tarixidir
Tarix: 28-07-2017, 11:06


Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür.
Ulduzumsan.Az-ın məlumatına görə, Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci ildə Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq və fortepiano sinflərində təhsilini davam etdirib. 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi işləməyə başlayıb. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M.Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A.Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə işləyib.
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edib. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib.
"Ölülər", "Natəvan" operalarının, "Hacı Qara", "Nənəmin şahlıq quşu", "Boşanaq-evlənərik", "Lənət şeytana" musiqili komediyalarının, "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, həmçinin bir neçə simfoniya və instrumental konsertin, mahnı və romansların müəllifidir.

Paylaş: