"Ekranda görünənlərin çoxu düşündükləri kimi danışmır"
Tarix: 3-07-2018, 09:21



“Ekranda görünənlərin çoxu düşündükləri kimi danışmır, boğazdan yuxarı çıxış edir, camaata yalan “satmaqla” məşğul olurlar”.

Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili, nasir Xeyrəddin Qoca televiziya kanallarındakı bayağı verilişləri tənqid edərkən deyib. X. Qoca bildirib ki, hamı eyni sözü söyləyir, eyni fikri “çeynəyib tüpürür”:

“Ekranda görünənlərin çoxu düşündükləri kimi danışmır, boğazdan yuxarı çıxış edir, camaata yalan “satmaqla” məşğul olurlar. Qeyri-səmimi danışanlara isə heç kim qulaq asmır, həm də belələri xalqın qarşısında hörmətlərini itirirlər. Nümayiş etdirilən, efirlərdə səsləndirilən reklamların çoxunun savadsız adamlar tərəfindən hazırlandığı açıq-aydın göstərmək, səsləndirmək isə tamaşaçılara, dinləyicilərə qarşı hörmətsizlikdir!

Bəzi özəl televiziya və radio efirləri lağlağı, atmacalar, şit zarafatlar, lovğa danışıqlar, hırıltı, erotik söhbətlər məkanına çevrilib. Bir neçə gənc qız və oğlan mikrofon qarşısında mənasız, məzmunsuz, şit, bayağı danışıqları, gülüşləri, qəhqələri ilə tərbiyəsiz, gülünc, səs-küydən ibarət verilişlərdə (bunlara veriliş demək mümkünsə...) istədikləri kimi hərəkət edirlər. “Ərkyana” danışıqlar, bir-birinə söz atmaq, efirə zəng vuran dinləyicilərə sataşmaq, onları çox vaxt borclu çıxarmağa can atmaq bunların peşəsidir. Heç bir qabliyyət, birlik, təfəkkür, mədəniyyət sahibi olmayan gənclər hamını boğaza yığıb! Hamı eyni sözü söyləyir, eyni fikri “çeynəyib, tüpürür”. Sonra da deyirik “gözəl gəncliyimiz yetişir”. 

Tam həqiqətdir ki, efirlərdə gedən bir sıra verilişlər camaatda ikrah hissi yaradır. Hara gedirsən, harda olursan yaxınlaşıb sual verirlər ki, “bu nə biabırçılıqdır?”. Bilmirsən nə cavab verəsən?! Nə cavab verəcəksiniz, axı? Hər şey açıq-aydın ortadadır. Göz görür, qulaq eşidir... Ağzını açan kimi deyirlər: “bizim verilişin reytinqi yüksəkdir”. Bu, o deməkdir ki, ölkədə səviyyəsizlərin reytinqi çoxdur.

Televiziyalarda qadınlar getdikcə çılpaqlaşır, kişlər getdikcə şitləşir. Kişilərin çoxunun yeri gəldi-gəlmədi dişləri ağarır. Yekə-yekə kişilər, arvadlar qol-qola yallı gedirlər, ya da bədənlərinin bütün əzalarını silkələrəyərək rəqs edilər. Sanki iyirmi faiz torpaqları işğal olunanlar biz deyilik!

Qeyri-səmimi, saxta danışıqları xalq qətiyyən sevmir. Əksinə, belələri dərin nifrət hədəfinə çevrilirlər. Səmimi olanlar, həqiqəti söyləyənlər isə hər hər yerdə insanların hörmət və ehtiramı ilə qarşılaşırlar”. 

Paylaş: