Kişilər o qadınlara xəyanət etmir ki, onlar... - Tünzalə Ağayeva
Tarix: 22-06-2018, 16:44



“Tənhalıq insanın özü ilə səmimi söhbətidir. Həqiqəti üzə çıxartmaq üçün tək qalmaq yaxşı mənada həmişə lazımdır, depressiyada isə müsbət deyil”.
Bu sözləri Əməkdar artist Tünzalə Ağayeva Publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq suallarına cavab verərkən deyib.
Azərbaycan şou-biznesində bənzərsiz səsi, yürütdüyü musiqi siyasəti və sənət strategiyası ilə seçilən Tünzalə Ağayevanın cavablarını təqdim edirik:
İndiki ağlım olsaydı...
- İndiki ağlımdan məmnunam. Səhvlər təcrübəmdir, etdiyim heç bir hərəkətdən peşman deyiləm.
Dünyanı dəyişmək imkanım olsaydı...
- Dünyanı dəyişmək üçün gərək özümü dəyişim. Özümə gücüm çatar, amma başqasına yox.
Kişilər o qadınlara xəyanət etmir ki...
- Ailəni quran xanımdır. Qadın elə bir müdrik məxluqdur ki, istəsə, ailə siyasətini elə qurar ki, həyat yoldaşı ona heç vaxt xəyanət etməz. Sözsüz ki, qarşılıqlı sevginin olması vacib amildir. Ailənin təməli qarşılıqlı hisslər üzərində qurulub və bu sevgini yaşadan qadından çox şey asılıdır. Əgər qarşı tərəf onu həqiqətən də sevirsə, heç vaxt başqasını düşünməz. Yox, əgər münasibətlər sünidirsə, o ailədə hər zaman xoşagəlməz hallar yaşanacaq.





Seviləsi qadın olmağın ilkin şərti...
- Həssaslıq, müdriklik, səbir, təmkin, ağıl və düzgün münasibət qurmağı bacarmaq sevilən xanım olmağın şərtlərindən bir neçəsidir. Qadın bir çox məsələlərdə kişilərdən dözümlüdür. Dözümlü dedikdə əziyyətləri və təcavüzləri nəzərdə tutmuram, sağlam münasibətdən söhbət gedir. Tərəflər bir-birini olduğu kimi sevsələr və qəbul etsələr, onda sevgi ölmür, münasibətlər isə uğurlu alınır.
Qadınlar yaşını ona görə gizlədir ki...
- İndividual məsələdir. Mən yaşımı gizlətmirəm, 1976-cı il təvəllüdəm və bunu hamı bilir. Hesab edirəm ki, yaşını gizlətməyə çalışmaq kompleksdən irəli gəlir. Qadın gözəlliyi rəqəmlərlə deyil, onun baxımlı olması ilə ölçülməlidir. Fərqi yoxdur ki, qadının neçə yaşı var. Onun üzdə olan təravəti öz üzərində nə qədər çalışdığını, özünə baxdığını göstərir.
Qadına qarşı şiddət...
- Təbii ki, belə xəbərlər eşidəndə böyük qəlb qırıqlığı, üzüntü və aqressiya hiss edirəm. XXI əsrdə yaşayırıq, niyə belə cahillik hələ də davam edir? Niyə əks-tərəf öz gücünü qadına əziyyət verməklə təsdiqləyir. Güc qadını döyməkdə deyil. Kişinin gücü qadını qoruyan zaman bəlli olur.
Tez-tez təəssüf edirəm ki...
- Nələrisə vaxtında yerinə yetirmədiyim və tənbəllik etdiyim üçün təəssüflənirəm. Təbii ki, haqsızlıqlara, insanlardan xoş münasibət görməyəndə, günahsız uşaqların göz yaşlarına, onların müharibələrdə ölməsinə, xəstəliklərin yayılmasına və şüurlu şəkildə edilən pisliklərə üzülürəm.





Vanqa nənə ilə görüşsəydim...
- Heç nə soruşmazdım.
Küsülü olduğum insana demək istəyirəm ki…
- Çalışmışam ki, həyatda heç kimlə düşmənçilik etməyim. Ola bilər ki, nə zamansa kimsə məndən nə isə umub və ya qəlbini qırmışam. Əlbəttə istəmərəm ki, kimsə məndən incisin. Lakin inciməyin də həddi var, bəzən o həddi aşırlar.
Həqiqətən də xəta məndədirsə, rahatlıqla qəbul edirəm və üzr istəyirəm. Bu mövzuda eqom yoxdur. Həmişə çalışıram ki, səhvimi kimsə mənə deyənə qədər özüm görüm. Təbii ki, hamıda olduğu kimi, məndə də ehtiyatsızlıq olur. Lakin o, insan sənin elədiyin o qədər yaxşılığı görməyibsə, sənin boyundan çox şey gözləyibsə və küsübsə, deməli, sən yanlış adama yaxşılıq etmisən. Ya da küsən insan məndən yanlış dozada nə isə gözləyib.
Vicdan...
- Lev Tolstoyun da dediyi kimi, vicdan Allahın daxilimizdəki səsidir, insanların həyatının doğru yol göstəricisidir. Hətta dünyanın ən savadlı alim və akademikləri vicdanlı deyilsə, onların biliyi yaxşılığa xidmət etmir.
Tünzalə Ağayeva hər zaman çalışıb ki, insanlara qarşı vicdanlı olsun. Hər halda bu barədə məni tanıyanlar danışsa, daha məqsədəuyğun olar.
Tənhalıq insan üçün lənətdir, yoxsa...
- Tənhalıq insanın özü ilə səmimi söhbətidir. Həqiqəti üzə çıxartmaq üçün tənhalıq yaxşı mənada həmişə lazımdır, depressiyada isə tək qalmaq müsbət deyil.
Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Eynilikdə heç bir məna yoxdur. Rəbbimiz də buyurub ki, yaxşı işlərdə yarışaq. Yetər ki, yaxşı işlərdə. Eynilik monotonluq və inkişafın dayanması deməkdir. Fərqlilik isə müsbət haldır və inkişaf göstəricisidir.
Kiminsə yalan danışdığını hiss edəndə...
- Həqiqəti bildiyim halda yalan dinləmək xoşuma gəlir. Lakin məndə belə situasiyalar tez-tez olmur. Ümumiyyətlə, çevrəm çox qapalıdır, ətrafımda az sayda etibar etdiyim insan var. Dostlarımı və yaxınlarımı tez-tez dəyişmirəm ki, haldan-hala düşüm. Münasibətlərdə stabilliyi, əmin-anamlığı, sağlam düşüncəni, sağlam söhbətləri və sağlam həyat tərzini qiymətləndirirəm. Bu mənada eyniliyin tərəfdarıyam. Və ağıllı insanlarla oturub-durmağa üstünlük verirəm.
Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Bəşəriyyətin gələcəyi insanların öz əlindədir. Yaradan insana o qədər böyük iradə verib ki, yer üzünü yaxşı günə də, pis günə də çıxarmağa qadirdir. İstəsək, özümüz öz günümüzü və həyatımızı xoş edə bilərik. Nə yazıq ki, cəmiyyətdə çoxlarının nəfsinə uyması və pul siyasətinin güclü olması bəlalar gətirir. Dünyamız o zaman gözəlləşər ki, insanlar səmimi qəlbdən bir-birini düşünür, yarımlaşır və daha çox sevgi paylaşır.
Günahlarım yadıma düşəndə...
- İnsanın ən böyük dostu da düşməni də nəfsidir. Nəfsinə bağlı olan insan mütləq ədalətsiz olacaq, öz maraqlarını güdəcək. Əgər nəfsinə sahib çıxmağı bacarırsa, deməli, başqaları ilə də ədalətli davranacaq.
Hər kəs özü ilə barışmağı, savaşmağı və qalib gəlməyi, əlbəttə ki, qüsurları birinci növbədə özündə görməyi bacarmalıdır. Bu da insanın kamilləşməsindən xəbər verir. İnsan ağıllıdırsa, bunları düşünəcək, ağıllı deyilsə, bunları düşünməyəcək.





Təbii ki, günahsız yaşamaq mümkün deyil, lakin günahlardan mümkün qədər uzaq olmalıyıq. Eyni zamanda, onun əndazəsi, dərinliyinin nə qədər olması, bilərəkdən və ya bilməyərəkddən edilməsi böyük rol oyanyır.
Qızıma ən çox onu məsləhət görürəm ki…
- İlk növbədə tövsiyə edirəm ki, qız kimi qürurlu və özünə çox sayğılı olsun, kimlə oturub-durmağına fikir versin.
İlahi ədalətə inancımı o zaman itirdim ki…
- Ola bilər ki, insanlardan nə zamansa, inciyərsən, əlin-qolun soyuyar, amma Allahdan heç vaxt ümid kəsilməz.
Heç vaxt heç kimə icazə vermirəm ki...
- Haqqımda boş, lazımsız və səviyyəmə yaraşmayan müzakirələrin aparılmasını sevmirəm və yasaq qoyuram.
O zaman düşünmədən riskə gedirəm ki...
- Bir neçə məqamda düşünmədən fədakarlıq etmək lazım gəlir. Vətənin sənə ehtiyacı olanda onun uğrunda hər an savaşmağa və müharibəyə getməyə hazır olmalısan. Həmçinin ailə və ya dostlarının da sənin yardıma ehtiyacı varsa, burada hesablama olmamalıdır, düşünmədən canını fəda etməyi bacarmaq lazımdır.
Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...
- Bu günə qədər dəhşətli dərəcədə çıxılmaz vəziyyətə düşməmişəm. Allah-Təala hər zaman bütün işləri yoluna qoyub. Bütün problemlərə səbirlə, ağılla və məntiqlə yanaşmaq lazımdır. Bəzən işlər öz həllini tez tapır, bəzən də gözləməli olursan.
Yaxşı gündə, pis gündə...
- Çətin gündə də, yaxşı gündə də vicdanlı insan olaraq qal və Allahını unutma.
Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı oldu.
- Buyurun.

Paylaş: