""Maşın şou"da Aytən Səfərovayla Roza Zərgərli eyni qruplaşmada idi" — MƏCİDDƏN SİRLƏRİ AÇAN MÜSAHİBƏ
Tarix: 14-06-2018, 16:12



Aktyor Məcid Hüseynov "Ölkə.Az"ın suallarını cavablandırıb.
- Məcid bəy, yaradıcılığınızda hansı yeniliklər var?
- Hazırda iki filmə çəkilirəm. Şərti olaraq "Nəmər" adlanan filmi özüm çəkirəm. İnşallah, iyulun 10-dan çəkilişlər başlamalıdır. Avqustun əvvəlindən isə "Hozu-2” filminin çəkilişlərini “CinemaPlus” həyata keçirəcək. "Hozu"nun ssenarisini də özüm yazmışdım, baş  rolu da özüm oynayırdım.
- O filmdəki Hozu kimdir?
- Filmdəki Hozu mən özüməm. Ancaq ikinci hissənin ssenarisi də, digər məsələlər də CinemaPlus-a məxsusdur.
- Son zamanlar müğənnilər mahnı yazır, aktyorlar ssenarist qismində özlərini sınayırlar. Sizcə, bu hansı səbəbdən irəli gəlir?
- Özümdən danışmaq istəyirəm. Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsini bitirmişəm. 1998-ci ildən KVN-lə məşğulam. O vaxtdan həm ssenari yazırdım, həm komandanın kapitanıydım, həm özüm çıxış edirdim.
- Yəqin ki, məktəbli idiniz...
- Bəli, Sumqayıtda 41 saylı orta məktəbin KVN komandasının kapitanı idim.
- Demək olarmı ki, Fizika və Elektroenergetika fakültəsini ailənin istəyinə görə bitirmisiniz?
- Xeyr, sadəcə universitetə qəbul olmuşam. Heç vaxt gedib fizika müəllimi işləmərəm. Çünki camaatın uşağını kor qoya bilmərəm. 
- "Nəmər" adlandırdığınız filmdə söhbət yəqin ki, toydan gedir...
- "Nəmər"in baş rolunu da özüm oynaya bilərəm. Filmin ssenarisiylə bağlı bəzi məqamları deyim. Pul yığmaq xatirinə toy edən adamlar var axı. Filmin qəhrəmanı işləmək adıyla Rusiyaya gedir, əlində olan pulu da itirir və geri qayıdır toy edir ki, pul qazansın. Toyuna da heç kim gəlmir. Çünki heç kimin toyuna getməyib.
- Baş rolu kim oynayacaq?
- Hələ bilinmir. Filmin rejissoru özüm olacağam.
- "Hozu" filmi neçəyə çəkilmişdi?
- Dostlar sağ olsun, borc aldım və çəkdim.
- Borcu qaytara bildiniz?
- Bəli, qaytardım. Filmi çəkib pul qazanmaq istəmirdim. Ssenarist olaraq bilirdim ki, tamaşaçı oradakı hadisələri, obrazları bəyənəcək. Filmdə bir minus var idi ki, o da vəsaitlə bağlıydı.
- Məbləği açıqlamadınız...
- Təxminən altmış min manata çəkdik.
- Bəs qazanc?
- Film qoyulan vəsaitin yarısı qədər qazancımız oldu. Azərbaycanda maksimum 150 minlik tamaşaçı auditoriyası var. Bu dəqiqə kimsə bir milyona film çəksə, o pulu kassadan çıxarda bilməyəcək. Nə qədər tutarlı olsa da, 150 min tamaşaçı var və bu təxminən 750 min vəsait deməkdir. Həmin məbləğin də cəmi 40 faizi filmi çəkənə çatır. Ondan sonra vergi, bank xərcləri çıxılır və 34.5 faiz filmi çəkən şəxsə qalır. 
- Azərbaycanda niyə komediya filmləri daha tez populyarlaşır?
- Çünki tamaşaçı onu istəyir.
- Mən də o istəyin səbəbini soruşuram...
- Hər kəsin fikrini deyə bilmərəm. Bu fikirdəyəm ki, gülməyi sevirik. Mən bir dram çəkim, sən komediya çək. Yüz min sənin izləyicin olacaqsa, mənim çəkdiyim drama iyirmi min insan baxacaq. 
- Sizcə, on il sonra "Hozu"ya baxan olacaq?
- Mövzu yüz ildən sonra da realdır, aktualdır. Mövzunu filmdə gözəl şəkildə göstərə bildim. Demək istədim ki, kənddən gələn insan şəhər mühitinə öyrəşə bilmədiyi üçün sən ona pis baxsan da, onun ürəyi təmizdir, sənə qarşı pis niyyətli deyil. Əslində, sən ona qarşı pis niyyətlisən.
- Natəvan Həbibinin filmə dəvət olunması nəyə hesablanmışdı?
- Ssenarini bütün aktyorlara özəl yazmışam. Məhz Natəvanı düşünüb yazmışdım.
- Öncədən razılaşdırılmışdı?
- Xeyr.
- Bəs qəbul etməsəydi?
- Güman edirdim ki, ssenari yaxşı olsa, kimsə imtina etməz. Ssenarini göstərdim, qəbul etdi.
- Qonorar aldı?
- Filmdə yeganə insandır ki, bir manat pul almadı, təmənnası çəkildi və buna görə təşəkkür edirəm. 
- Sonra çəkildiyinə görə peşman olmadı ki?
- Xeyr. Bu dəqiqə Azərbaycanda çəkilən on filmdən ikisi ancaq tutur. Yerdə qalan səkkiz filmdə çəkilənlər sonradan peşman olurlar.
- Bildiyimə görə 10-15 minə də film çəkənlər var.
- Bəli, var.
- O büdcəylə normal iş görmək olar?
- Məsələn, "Toy" filmini bəlkə üç minə çəkmişdilər.
- "Toy" keyfiyyətli iş deyildi axı. 
- Amma baxımlıydı və ordakı sözlər bu dəqiqə də işlədilir.
- Filmin keyfiyyətində büdcə nə dərəcədə rol oynayır?
- Çox.
- Deməli, büdcə böyükdürsə, iş mütləq yaxşı olacaq?
- Ən əsas məsələ ssenaridir. Orada dramaturgiyanın olması mütləqdir. Film var ki, harda başlayıb, harada bitdiyini başa düşmürsən.
- Yetərincə istedadlı insansınız və bunu danmaq olmaz. Düşünmüsünüzmü ki, nə zamansa ya ssenarist, ya aktyor kimi təhsil alasınız? Yoxsa düşünürsünüz ki, artıq gecdir?
- Gec deyil və təhsil almaq istəyirəm. Neçə illərdir KVN-ə ssenari yazıram və bilirəm ki, vəziyyət komediyası yazmağı bacarıram. Ən əsas da odur. Ssenaristlərin ən pis cəhəti odur ki, iyirmi zarafat yazırlar və onu filmin içində bölüşdürürlər. Bu, tamamilə yanlışdır və ssenari deyil. "Hozu"nun treylerini yığa bilmirdik. Çünki orada zarafat yoxdur, vəziyyət komediyasıdır. 
- Bəs necə oldu ki, "Hozu" bu qədər tamaşaçı yığdı?
- Filmin reklamına 10-20 min xərcləmək istədim, amma, pulum çatmadı. Filmi filmə baxan tamaşaçılar reklam etdilər. 
- Azərbaycan səviyyəsi üçün bir filmin normal ssenarisi neçəyə başa gəlir?
- Əla ssenari yoxdur, yaxşı ssenaridən danışırıqsa, 10-15 minə yazılır. 
- Ssenari yazmaq təklifləri alırsınız?
- Əvvəl yazırdım, indi vaxtım o qədər çox deyil. Çünki öz işlərim üçün yazıram. Pul xatirinə yazmaq da alınmır. 
- Bir az da son günlərin müzakirə mövzusu olan "Maşın şou"dan danışaq. Şounun neçənci günün uzaqlaşdırıldınız?
- Şounun dördüncü günü aparıcı Aytən Səfərova tərəfindən uzaqlaşdırıldım.
- Orada gördüklərinizi dörd-beş cümləylə necə izah edərdiniz?
- Birincisi, orada hər şey düzgündür. Bu, iştirakçılara aiddir. Murada təşəkkür edirəm ki, dəvət etdi. Oyun maşının ətrafında yox, oteldə gedir. 
- Hansı qruplaşmada idiniz?
- Heç birində.
- Axıra qalan üçlüyün belə olacağını təxmin edirdiniz?
- Abbas Bağırov, Əli Mirəliyev, Roza Zərgərli, Hüseyn Əzizoğlu və Uranın sona qalacağını düşünürdüm. 
- Şouya qatılanda maşını qazanmaq iddiası var idi?
- Gizlənpaç da oynayanda qalib gəlmək istəyirsən.
- Aytən Səfərova sizi uzaqlaşdıranda dedi ki, ortada qalan, konkret mövqeyi olan insanları xoşlamıram...
- Mənə Roza tərəfindən qrup təklifi edilmişdi, imtina etdim.
- Deməli, Aytən Səfərovayla Roza Zərgərli eyni qruplaşmadaydı?
- Əlbəttə.
- Yəni, o qalmaqallar şou xatirinəydi?
- (kinayəli gülüşlə cavab verir) 

Paylaş: