Aşpazlıq sənətinin məzunu olan aktrisa
Tarix: 14-06-2018, 09:43



Bizdə olduğu kimi,  Türkiyədə də kino sahəsində bəxti gətirən, el dilində desək "şeytan tükü”nü üzərində gəzdirən aktrisalar az deyil. Onlardan biri də Azərbaycan tamaşaçılarının da sevdiyi Hazal Kayadır. O,  2006-cı ildə "Acemi Cadı” və 2007-ci ildə "Genco” adlı seriallarda ikinci dərəcəli obrazlarda iştirak edib. Ancaq bu seriallar ona uğur gətirməyib. Onu məşhurlaşdıran isə Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən "Aşk-ı Memnu” serialında canlandırdığı Nihal Ziyagil rolu olub. Bu rolla o, qısa zamanda gündəmi tutan və hər kəsin diqqətini çəkən aktrisalar sırasına daxil oldu. Daha sonra isə "Adını Fəriha qoydum” adlı serialla ekranlara qayıtdı. Ondan sonra bir neçə film və seriallarda baş rolları canlandırdı. Hazırda isə "Bizim hikaye” serialındakı Filiz obrazını canlandırır.    

İngilis, italyan, alman dillərini bilən aktrisanın əsas ixtisası aşpazlıqdır. Onun yaradıcılığındakı yüksəlişi nəzərə alan "Elele Online” jurnalı aktrisadan müsahibə alıb. Filiz Şereflə həmsöhbət olan aktrisa, həyatının ən çətin dönəmlərindən söz açıb. 

Filiz Şeref yazır ki, Hazal Kaya gözəl görünüşü ilə bərabər, sağlam düşüncəli və bir o qədər də şən bir xanımdır. Hazırda isə həyatının ən gözəl çağını yaşayır. Aktrisa öz xasiyyətinə yaxşı bələd olduğunu və atdığı addımları da buna görə hesabladığını bildirir. Deyir ki, insanın öz xasiyyətinə bələd olması yaxşı xüsusiyyətdir: "Çünki nə etsəniz də, sizə özünüzü tanıma və ona görə hərəkət edə bilmək şəraitini yaradır. Belə olan halda, insan öz-özünü aldada bilmir, hirsinə məğlub olmur. Təriflərlə böyüməz, müzakirələrlə kiçilməz, öz yalanlarına özü inanmaz bir insana çevrilir. Əgər siz insanlarla çalışırsınızsa, onları sevməlisiniz”. 
 
 
 
16 yaşından çəkiliş meydançasında olan Hazal Kaya deyir ki, gənclik atəşini küçələrdə deyil, çəkiliş meydançalarında söndürmək o qədər də asan olmayıb. "Heç bir zaman yaşıma görə davranmadım” deyən aktrisa, şöhrətinə rəğmən, özünü təzyiq altında hiss etdiyini bildirib.

O, jurnalistlə söhbətində "Aşk-ı Memnu” serialındakı Nihal obrazından hazırda rol aldığı "Bizim hikaye” serialındakı Filiz obrazına qədər keçdiyi yoldan danışıb, həyata baxışının hansı yöndə olduğunu izah etməyə çalışıb.
 
 
- "Mən aktrisalığı yaxşı bacarıram və bura aidəm” dediyiniz zaman bu gündürmü? Ya da, sizin hekayədə belə bir hissə varmı?
 
- Hesab edirəm ki, çəkiliş meydançasına girdiyimi ilk gün bu sözləri özüm-özümə demişəm. O zaman 16 yaşım vardı və 10 il sonra professional olaraq çəkiliş prosesinə  daxil olanda eyni sözləri bir də işlətdim. Hər hansı bir peşəyə qarşı özümü asılı hiss etmirəm. Aktrisalıq etmək mənə xoşbəxtlik bəxş edir və bu xoşbəxtlik davam etdiyi müddətdə seçdiyim sənətlə məşğul olacağam. 
 
- Karyeranızda yolun harasında olduğunuzu düşünürsünüz?
 
- Sevdiyim işləri sevdiyim insanlarla görmək istəyirəm. Əlbəttə ki, çalışmaq istədiyim rejissorlar, aktyorlar və canlandırmaq arzusunda olduğum obrazlar var. Mən də qarşıma bir məqsəd qoymuşam və o məqsəd uğurunda səbirlə, təmkinlə yol gedirəm. Sizə deyə bilmərəm ki, indi o yolun hansı hissəsindəyəm. 
 
 
 
- "Bizim hekayə” serialı ilə birlikdə həyatınızda fərqli səhifələr açıldımı?
 
- Nəinki bu layihə çərçivəsində, ümumiyyətlə yaşadığım hər il həyatımda yaxşı və pis hadisələr olur. Serialın çəkiliş prosesləri də buraya daxildir. Çevrəmdəki insanlar mənə özümü çox şanslı olduğumu hiss etdirdi. Özümü ona görə şanslı hesab edirəm ki, belə bir zamanda çox möhtəşəm dostlarım var və yaxşı insanlarla qarşılaşmışam. İndi hər anımın, yaşadığım həyat təcrübəmin dadını çıxarıram. Hazırda özümü ən yaxşı hiss etdiyim bir dövrü yaşayıram.
 
- "Aktrisalıq eşqi” deyilən klassik bir deyim var. Bəs bu eşq sizdə necə təzahür edir?
 
- Nəticədə, bu, bir peşədir. Sevmədiyiniz işi görə bilməzsiniz. Vəsaitimiz insandır və bu, çox qəribə bir vəsaitdir. Onu anlamağa çalışmaq lazımdır. Hətta elə bir zaman gəlir ki, həll edə bilmək mümkün deyil. İnsanın hər halı məndə maraq oyandırdığı üçün işimi görməyi sevirəm. 
 
- Canlandırdığınız xarakterlərlə dolu bir otaqda olsanız, ilk olaraq hansı obrazınızın yanına gedib onunla söhbət etmək istəyərsiniz?
 
- Yaşadığım xatirələrin hamısı həyatımın bəlli bir dönəmini təmsil edir. Canlandırdığım obrazların hamısı mənim üçün dəyərlidir. Onlar üçün darıxıram. Ancaq özümə və ruhuma yaxın hiss etdiyim obraz isə Filizdir. 
 
- Qəzəb həyatınızda uğura gedən yolda harada durur?
 
- Nə qəzəb, nə də uğur sevdiyim kəlmələr deyil. Qəzəblə qazanılan uğuru mənasız hesab edirəm.
 
 
 
- Bəs uğuru necə əldə edirsiniz?
 
- Özünə kifayət edən, xoşbəxt olmağa çalışan və ətrafa xoşbəxtlik saçan sevgi dolu bütün insanlar mənim çün inanılmaz uğurlu hesab olunur. İndiki çətin vaxtlarda bunları etmək asan deyil. 
 
- Gənc yaşda məşhur olmaq bir çox məsələlərə görə asan olmamalıdır. 
 
- Təəssüf ki, heç vaxt yaşımın insanı olmadım. Bəzən özümü getdiyi yolda uğur qazanmaq, mükəmməl görünmək və həyatında heç bir xəta etməmək üçün təsir altında qalmış biri kimi hiss edirəm. Həyatımın bir çox dönəmlərini içimdən gəldiyi kimi yaşaya bilmədim.
 
- Məsum simanızın altında, ekranda görə bilmədiyimiz hansı fitnə-fəsad yatır?
 
- Ekranda oynadığım xarakteri əlbəttə ki, görürsünüz. Bu fitnə-fəsad sözü bilmirəm mənə uyğundur, ya yox, ancaq mən əylənməyi, əyləndirməyi çox sevirəm. Bəzən "görəsən insan gülməsə, zaman keçərmi”- deyə düşünürəm.
 
- Özünüzdə dəyişdirməyi çox istəyib, ancaq dəyişə bilmədiyiniz xüsusiyyətləriniz varmı?
 
- Elə bir xarakterə malik insanam ki, nə hiss etsəm,  o, mənim üzümdən bəlli olur. Dəyişkən üzlü ola bilsəydim, sevinərdim.
 
- Hazırda eşq, həyatınızın hansı hissəsində dayanır?
- Ən gözəl yerində. 
 
- Sizə qarşıdan baxan və "çox şanslı qız” deyənlərə nə deyirsiniz?
- Hamımız insanıq. Həyatın bütün çətinliklərinə baxmayaraq, ona qalib gəlməyə çalışırıq. Əmin olun ki, öz şansımı özüm yaratmışam. 
 
- Bu aralar başınızı yastığa qoyduqda ağlınızdan nələr keçir?
 
- Hər şey öz qaydasındadır. Əhvalım da yerindədir. İndi həyatımın şahanə bir dönəmini yaşayıram. 
 
- Xəyallarınızın sırasında aşpazlıq  olduğunu da eşitmişdik. Hətta bu sahədə təhsil də alıbsınız.
 
- Aşpazlıq bir sənətkarlıqdır. Mətbəxdə ölçü-biçini bilmək lazımdır. Əgər hansısa məhsulu bir qram az etsəniz, o zaman sizdə o yemək alınmaz. Hazırda isə yalnız aşpazlıq sənətinin məzunuyam.
 
- Valideynlərinizin vəkil olduğunu bilirik. İki vəkilin övladı o sənətə yaxın xüsusiyyətləri özündə daşıyırmı?
- Şəxsiyyət özəllikləri desəm, səhv edərəm. Amma həyatımı onların sənətinin təsiri altında keçirmişəm. Mən böyük nizam-intizamla yetişdirilmişəm. 
 
- Həyatda problemlərə qalib gəlmək prinsipiniz nədir?
- Açıq, birbaşa və dəqiq olmaq. Mövzu nədirsə və kiminlə problem yaşayıramsa, həmin insanla birbaşa danışıram. Əsas da, üzləşmənin vacib olduğunu öyrəndim. Əgər qarşımda üzləşə biləcəyim biri  yoxdursa, o zaman terapevtimlə danışıram. 
 
- Ananızdan öyrəndiyiniz ən böyük həyat dərsi nədir?
- Hər nə edirsənsə, bunu yaxşı şəkildə et. Çalış, dik dur. 
 
- Moda, stil, tərz kimi kəlmələr sizə nə ifadə edir?
- Mənim işimə olan öhdəliklərimi.
KASPİ.AZ

Paylaş: