13 yaşlı İctimai Televiziyanın sədrləri: Jurnalist, rejissor, iqtisadçı
Tarix: 1-06-2018, 15:12



Bu gün Milli Televiziya və Radio Şurasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki keçirilib. 7 namizədin qatıldığı seçkidə Balakişi Qasımov İTV-nin baş direktoru seçilib.
 
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.
 
Həmin fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin balansına verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir ki, Şura kanalın yaradıcı işinə müdaxilə etmir və yalnız şirkət rəhbərliyini seçir.
 
AZXEBER.COM yarandığı gündən bugünə qədər İTV-yə rəhbərlik edən şəxslərlə bağlı araşdırma aparıb.
 
İTV-nin ilk baş direktoru İsmayıl Ömərov olub. Bu təyinata qədər Milli Məclisin deputatı və AZTV-nin aparıcısı olan İ.Ömərov 1954-cü il fevralın 20-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. İxtisasca jurnalist və politoloq olan İ.Ömərov uzun müddət AZTV-də çalışıb. Burada "İctimai-siyasi proqramlar" redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər yüksəlib. 2005-ci ildən 2013-cü ilə qədər 8 il İTV-yə rəhbərlik edib. Hazırda işsiz olduğu deyilir.
 
İTV-nin sayca ikinci baş direktoru Cəmil Quliyev olub. İxtisasca kinorejissor olan C.Quliyev bu təyinata qədər Azərbaycan Dövlət Film Fondunun direktoru, AZTV-nin nəzdində fəaliyyət göstərən "Mədəniyyət” kanalının baş direktoru olub. 3 iyul 1963-cü ildə Bakıda anadan olub, sənətşünaslıq elmləri doktoru, professordur. AZTV-nin keçmiş sədri, professor Elşad Quliyevin oğludur. Hazırda Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2013-cü ildən son aylara qədər beş il İTV-yə rəhbərlik edib. İTV-nin sayca üçüncü və yeni rəhbəri Balakişi Qasımov buna qədər qısa müddət İTV-də baş direktorun müavini olub.
 
İxtisasca iqtisadçı olan 40 yaşlı Balakişi Qasımov 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub. "Nə? Harada? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə vaxt?" oyununun aparıcısı və baş prodüsseri, GameTV.az prodüser mərkəzinin rəhbəri olub. 2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə "Nə? Harada? Nə vaxt?" oyununun idman variantı üzrə dünya çempionu olub.
 
Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu adını qazanıb. "Nə? Harada? Nə vaxt?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan çempionu olub. Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.

Paylaş: