"Üzeyir Azərbaycanın ən böyük konsert salonunu doldurar" — ABBAS ƏHMƏD
Tarix: 21-05-2018, 11:39



Ötənlərin məşhur müğənnisi Abbas Əhməd "Ölkə.Az"ın suallarını cavablandırıb.
- Abbas müəllim, Bakıya xoş gəlmisiniz...
- Təşəkkür edirəm. Bildiyiniz kimi uzun müddətdir ki, Moskvada yaşayıram. İldə bir ay Bakıda oluram. Bura gələn kimi efirlər dəvət edir, mən də imtina etmirəm.
- Buradan Moskvaya qayıdacaqsınız?
- Xeyir, Bolqarıstana, oradan Moskvaya. İl ərzində 15-16 dəfə Bakıdan Moskvaya gedib gəlirəm.
- Rusiyada toylara gedirsiniz?
- Toylara da gedirəm, konsertlərdə də çıxışlarım olur. Məsələn, dəvət edirlər Perm şəhərindəki hansısa zavodda konsert verməyə. Oranın işçiləri yalnız Azərbaycandan olduğumu bilirlər, özümü tanımırlar. Konsertdə həm rusca, həm öz dilmizdə, həm də digər dillərdə mahnılar oxuyuram.
- Bakı publikası sizi xatırlayırmı?
- Bəli, xatırlayır. 
- Bəlkə də zahirən çox dəyişmədiyinizə görə xatırlayırlar.
- Ola bilər. Mahnılarım da yadlarında qalıb. Mən 90-cı illərdə də efirə az-az çıxırdım. İldə beş-altı efirə çıxsam, bəsimdir. 
- Azərbaycanda konsert biznesi demək olar ki, yox səviyyəsindədir. Sizcə səbəb nədir?
- Bizdə sənətçilərin fəaliyyəti toy biznesi üzərində qurulub. Hamı çörəkpulunu toydan qazanır. İnsanların konsertə gəlməsi üçün repertuar olmalıdır.
- Siz Bakıda konsert versəniz, tamaşaçı gələr?
- Bəli, gələrlər. 
- Bəs niyə Bakıda konsert vermirsiniz?
- Mənim konsertimin xərci çox bahadır. Yaşıl Teatrda konsert vermişəm. İndi 500 min manat lazımdır ki, mən burada konsert verim. Toylara isə çox az gedirəm. 
- Son dəfə Bakıda nə vaxt toyda olmusunuz?
- Təxminən bir il əvvəl. Azərbaycanda məndən populyar rus mahnılarını daha çox istəyirlər.
- Toy qonorarınızı açıqlaya bilərsinizmi?
- Mənim hansısa məclisdə bir saat çıxış etməyim üçün iki min avro qonorar ödənilməlidir.
- Birdəfəlik Bakıya köçmək haqda düşünürsünüz?
- Xeyr. Çünki işlərim Rusiyada və Avropada olur. Bakıda oturub nə edəcəyəm?
- Damlanı, Üzeyiri tanıyırsız?
- Bəli, onlar Moskvada çox populyardılar. Üzeyir Azərbaycanın ən böyük konsert salonunu doldurar.
- İfasını bəyənirsiniz?
- Bəli, Üzeyirin ifası çox xoşuma gəlir.
- Bəs Damla?
- Damlaya qulaq asmamışam. Rusiyadakı toylara Bakıdan hər növ müğənni gəlir. 
- Həm rus millətindən olan şəxslərin məclislərində, həm də azərbaycanlıların toyunda çıxış edirsiniz. Hansında sizdən daha sanballı repertuar tələb edirlər?
- Rusiyada, Avropada yaşayan azərbaycanlılar ilk növbədə öz mahnılarımızı istəyirlər. Ardınca ispan, italyan musiqisinə üstünlük verirlər. Ancaq ümumilikdə Moskvada toy oxumaq daha asandır. Çünki insanlar dinləməyi bacarırlar. Ötən il burada yarım saat bir toyda oldum. Aparatura, atmosfer həddindən artıq çox səs-küylü idi.

Paylaş: