Müğənnilərin Ramazan qayğıları – kim nə ilə məşğuldur...
Tarix: 21-05-2018, 10:57



Artıq bir neçə gündür ki, mübarək Ramazan ayının ilk günlərini yaşayırıq. Adətən ölkəmizdə Ramazan və eləcə də Məhərrəm aylarında toy şənlikləri, məclislər keçirilmir - baxmayaraq ki, dini ekspertlər dəfələrlə qeyd edir ki, Ramazanda toy məclisi keçirmək qəbahət hesab olunmur. Sadəcə, müəyyən qaydalara əməl etmək lazımdır.
Beləliklə, Ramazan günlərində toy və digər şənlik məclisləri çox az sayda keçirildiyindən əsas gəlir mənbəyi toylar olan müğənnilər, şadlıq evləri, restoran sahibləri demək olar ki, işsiz, pulsuz qalıb. Belə olduğu halda bəzi sənətçilər bu aylarda ya istirahətə gedir, ya da ki, yaradıcılıqla məşğul olub klip çəkdirir, studiyalarda çalışırlar.
Maraqlıdır, müğənnilər bu ilki Ramazan günlərində nə işlə məşğuldur?
Mövzu ilə bağlı “Yeni Müsavat” sənətçilər arasında kisik sorğu keçirib.
Xalq artisti Səməd Səmədov yalnız rəsmi tədbirlərdə iştirak etdiyini deyib: “Heydər Əliyev adına Sarayda Rusiya diasporunun konserti olacaq. Mən də həmin konsertə dəvət almışam. Siyahiya baxıb gördüm ki, azərbaycanlı müğənnilərdən yalnız mən bu konsertə dəvətliyəm. Konsertdə mən rus mahnısı ifa edəcəm. Lakin toy dəvətlərim yoxdur. Bildiyiniz kimi Ramazan aylarında adətən toy edilmir. Hər il olduğu kimi bu il də Ramazan ayında nəvələrim xaricdən məni görməyə gələcək. Onlarla birgə regionların gəzintisinə çıxacağıq”.
Xalq artisti sağlamlığında problem olduğu üçün adətən Ramazan aylarında oruc tuta bilmədiyini deyib: “Həmçinin mən bağda qalıram, hər gün itlərimlə birgə dənizə gedir, qaçıram, imkan olduqca velosiped sürür, futbol oynayıram. Bunun üçün çox yorulduğumdan oruc tutmağa imkanım olmur. Lakin nəvələrim hər il oruc tutur”.
Əməkdar artist Mətanət İskəndərli isə Türkiyədə olduğunu, bu ayda adətən oruc tutduğunu bildirdi.
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan da heç bir toy dəvəti olmadığını, oruc tutduğunu deyib: “Hazırda orucluyam. Toy dəvətləri olmasa da bildiyiniz kimi hər ayın özünə məxsus tədbirləri, çəkilişləri olur. Bu ay da yaradıcılıqla məşğul olacağam. Düşünürəm ki, qismət olmasa iftar süfrəsi də açım”.
Müğənni Elariz Məmmədoğlu isə sorğumuza bu cür cavab verib: “Hazırda orucam. Allah bütün oruc tutanların dualarını, orucunu qəbul etsin. Adətən bu aylarda toy məclsilərinə dəvətlər almasaq da, restoranlardan dəvətlər olur. Əslində isə Ramazan matəm ayı deyil, bayram ayıdır. Bəziləri düşünür ki, bu ayda toy etmək olmaz. Lakin toy etmək olar, sadəcə insanlar bu haqda maariflənməlidir”.
Müğənni Afət Fərmanqızı da toylara dəvət almasa da, ad günü və digər bu kimi məclislərə dəvət aldığını dedi:“Moskvadan ad günü məclisinə dəvət almışam. Ramazan ayının son günlərində isə Yunanıstan səfərim olacaq. Qeyd edim ki, bu günlərdə yeni iki mahnımı hazırladım. Adətən bu cür aylarda biz sənətçilər daha çox yaradıcılıqla məşğul olur, görkəmini formaya salır, özünə daha çox vaxt ayırmağa çalışır. Çalışacam ki, imkan tapdıqca mən də bu ayda oruc tutum”.

Paylaş: