XALQ ARTİSTİ XOŞ XƏBƏR VERDİ : SAĞALIR
Tarix: 18-07-2017, 08:57


Uzun müddətdi xəstəlikdən əziyyət çəkən Azərbaycanın Xalq artisti Könül Xasıyeva bu günlərdə toy mərasimlərindən birində iştirak edib, hətta mahnı da oxuyub. Bu bizi sevindirdi.
Xalq artistinə telefon açıb səhhəti ilə maraqlandıq.

- Könül xanım, şükür, deyəsən yavaş-yavaş səhhətiniz düzəlir. Toyda iştirak etmisiz.

- Şükür, indi özümü yaxşı hiss etməyə başlamışam. Toya da kənar məclis kimi getməmişəm. Qardaşımın qaynının toyunda iştirak etmişəm.

- Yəni yaxın toyda iştirak etmisiz?

- Bəli. Yəni qonorarla toya 2 ildən artıqdı gedə bilmirəm. Səhhətim imkan vermirdi. Yeriyə bilmirdim, danışa bilmirdim. Toylara necə gedəydim?

- İndi müalicəniz necə gedir?

- Klinikada müalicəmi davam edirirəm. Hacı Nuran sağ olsun. Mənim səhhətimlə bağlı mənə böyük dəstək oldu. Verilişinə dəvət etdi. Sonra da elə onların vasitəsilə xəstəxanada müalicələrimə başladılar.

- Müalicələrin təsirini hiss edirsizmi?

- Böyük təsiri var. Müsbət bir dəyişiklik var. Özümü yaxşı hiss edirəm. Qətiyyən yeriyə bilmirdim. İndi çəliklə yeriyirəm. Sonra ağzım, dilim şişmişdi. Danışa bilmirdim. İndi dilimin, ağzımın şişi də çəkilib. Danışa bilirəm. Şükür Allaha, oxuyuram. Əsas odur ki, oxuyuram. Saçlarım tamamən tökülmüşdü, parikdən istifadə edirdim. İndi yavaş-yavaş saçım gəlir. İnşallah, saçlarım bir az da uzansa, parik taxmaram. Əlimi saçıma atırdım, tamam saçsız idim, bu məni çox narahat edirdi. İndi düzəlir.

- Həkimlər nə vəd edir? Müalicəniz nə zamana qədər davam edəcək?

- Ayaqlarıma, əllərimə baxıram, bir az fikir edirəm. Həkimlərim isə deyir ki, buna görə narahat olma. Saçına baxma, qısa müddətdə bərpa olacaq. Həkimlərim deyir ki, bu problemləri bizə buraxın, Könül xanım. Siz payızda konsertə hazırlaşın. Payızda sağlam şəkildə səni tamaşaçılarının sevgisi ilə baş-başa qoyarıq. Sən payıza qədər sağalıb, səhnəyə çıxacaqsan.

- Həkimlər sizi payıza qədər tamaşaçıların qarşısına, səhnəyə göndərmək niyyətindədirlər?

- Mənə o qədər böyük qayğı və diqqət var ki, mən bütün həkimlərimə minnətdarlığımı bildirirəm. Mənim qayğıma qalan hər kəsə minnətdaram. Respublika Mərkəzi Diaqnostik Mərkəzinin rəhbəri Könül xanıma, Fərid həkimə, Məlahət xanıma təşəkkürlərimi bildirirəm. Orda UZİ həkimi var, İqor doktor. Ona böyük minnətdarlığımı çatdırıram.

- Uzun müddətdən sonra toyda olduz, Könül xanımı tamaşaçılar necə qarşıladılar?

- Siz necə təsəvvür edirsiz, eləcə də qarşılandım (gülür). Böyük sevgiylə, hörmətlə qarşıladılar. Mən o toyda bir də əmin oldum ki, tamaşaçıların mənə sevgisi var. Mən bir də anladım ki, səhnə üçün, tamaşaçılarım üçün çox darıxmışam. Bu sevgi mənə güc verir. Özüm də sağalmağa iddialıyam. Sağalmaq istəyirəm. İnadcılam, xəstəliyə güc gəlmək istəyirəm. Çox çalışıram ki, yaxşı olum. Təkcə xəstəxanada deyil, şənbə, bazar günləri evdə də olanda ev tapşırıqlarını çalışıram dəqiqliklə yerinə yetirim ki, tez sağala bilim. 

Çünki toyda hiss etdim ki, tamaşaçılarım mənim üçün necə darıxıb, eləcə də mən onlar üçün darıxmışam. Efirlər üçün, sənətim üçün çox darıxmışam. Mənim bir işim var - xanəndəlik. Dünən bunu bir də əyani hiss etdim. Konsert vermək istəyirəm. Mən uzun müddət səhnədə olmadım. Dünən o ehtiyacı dərk etdim. Mənim yerim sənətdir, səhnədir. Xanəndənin yeri səhnədi, məclisdi. Xəstəliyə inşallah güc gələcəm. Dünənki sevgi mənə inam yaratdı. İnsanların mənə yazdığı duaları eşitdikcə, bir az da inamım çoxalır. Mən sosial şəbəkələrdən uzaq biriyəm. Amma qardaşımın, bacımın balaları mənim üçün səhifə açıblar, insanlar orda mənə dua edirlər. Bu məni ayaq üstdə saxlayır. Mən tamaşaçı sevgisi ilə həyata yenidən bağlanmışam. Xalqımızın qarşısında baş əyirəm ki, məni unutmadılar, məni yaddan çıxarmadılar. Mənə dəstək oldular. Mən hər kəsə təşəkkürümü bildirirəm. Xalqımdan çox razıyam.

Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir və hazırda xəstəxanada müalicə alır. Aparıcı Hacı Nuran Hüseynovun "Həyat” xeyriyyə fondu muğam ifaçısının müalicəsinə dəstək olur.


Paylaş: