“Bu, incəsənətimizin inkişafına yönəlik addımdır” - Tanınmışlar gündəmi izləyirlərmi?
Tarix: 27-04-2018, 12:28




Ölkədə keçirilən növbədənkənar prezident seçkilərindən sonra hökümətin tərkibində dəyişiklik edilib. Prezident İlham Əliyev bir sıra nazirlik, komitə və agentliklərə yeni rəhbər şəxslər təyin edib. Hökumət yenidən formalaşdırılarkən iki nazir və bir komitə sədri əvəzlənib.
Musavat.com ölkədə yaşananlarla bağlı tanınmış şəxslər arasında sorğu keçirib və onlara aşağıdakı suallarla müraciət edib.
Son günlər Azərbaycanın gündəmini zəbt edən dəyişiklikləri izləyirsiniz? Ölkədə baş verənlərdən xəbərdarsınızmı? Yeni təyinatlardan gözləntiniz nələrdir?

Müğənni Rahidə Baxışova bildirib ki, ölkədə baş verən hər şey onun üçün maraqlıdır: “Mən bu ölkənin vətəndaşıyamsa, burada baş verənlər mənə də maraqlıdır. Çünki hər şey birbaşa həyatımıza təsir edir. Əsasən də, Mədəniyyət Nazirliyinin ayrı olması incəsənətimizin inkişafına yönəlik addımdır. Prezidentimizə təşəkkür edirəm. Mədəniyyət nazirimiz Əbülfəs Qarayevin öz postunda qalması isə gözəl xəbər oldu, onu təbrik edirəm. İnanıram ki, daha gözəl günlər görəcəyik”.

Müğənni Günay İbrahimli mədəniyyət sahəsində yeniliklər ediləcəyini gözlədiyini bildirib: “Prezident İlham Əliyevin mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalaması bizi çox sevindirdi. Mədəniyyət və Turizm Nazirliyi iki struktura bölündü. Yəni artıq Mədəniyyət Nazirliyi sırf mədəniyyət və incəsənətlə bağlı olacaq, bu da bizim sahənin inkişafına təsir edəcək. Nazirimiz Əbülfəs Qarayevi yenidən nazir təyin edilməsi ilə bağlı təbrik edirik. Bundan başqa, vəzifəyə gələn gənc kadrları da təbrik edirik”.

Aktrisa Aysel Nazim hər gün ölkədə baş verənləri izlədiyini deyib: “Mən əvvəllər xəbər aparıcısı olmuşam. O vaxtdan dünyada və ölkədə baş verənləri izləmək adət halını alıb. Səhər oyananda ilk işim gündəmi izləmək olur. Ölkədə aparılan yeni islahatlar təbii ki, düşünülmüş addımlardır və ölkəmizin inkişafına hesablanıb. Hər kəsə uğurlar arzulayıram”.

Paylaş: