Xalq artistindən qalmaqallı sözlər: “Onu həyatımdan yox edirəm”
Tarix: 18-04-2018, 09:33



Sənətini yüksək dəyərləndirən aktrisalardandır. Hər zaman qalmaqallardan uzaq olub. Elə buna görə də tamaşaçısının gözündən heç vaxt düşməyib.
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Bir çox həmkarlarınız seriallara çəkilir. Amma sizi həmin seriallarda görə bilmirik…
– Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm və eyni zamanda, teatrda da işləyirəm. Mənim üçün bu kifayətdir. Seriallarda çəkilən aktyorlara da hörmətlə yanaşıram. Bu günə qədər onlar haqqında bir kəlmə də olsun mənfi fikir söyləməmişəm, heç söyləmərəm də. Hər kəsin əziyyətinə böyük sayğım var. Cəmi bir dəfə seriala çəkilməyə razılıq verdim, iki seriyasına da çəkildim. Amma hansısa səbəblər üzündən o film yayımlanmadı. Həmin vaxt bu işin nə qədər ağır olduğunu gördüm və anladım ki, üç işi bir yerdə görə bilmərəm.
– Kommersiya filmlərində də çəkilmirsiniz. Səbəbi nədir?
– Film barədə məndən soruşmayın, mən teatr aktrisasıyam.
– Teatrda çalışan bir çox həmkarlarınız filmlərə də çəkilir, ümumiyyətlə sizə dəvətlər olur?
– Onlar bilir ki, dəvət etsələr də razılıq verməyəcəm və buna görə heç dəvət də etmirlər. Yalnız “Günaydın mələyim” filminə çəkilmişəm.
– Aktrisanın yaşaması üçün həm də maddiyyat lazımdır…
– Mən heç vaxt maddiyyat söhbəti etməmişəm, etmərəm də. Sənətimi çox sevirəm.
– Deyirlər Bəsdi Cəfərova “kaprizli” aktrisadır, razılaşırsınız bu fikirlə?
– Həyatda özüm qədər səbirli, dəqiq ikinci bir insan tanımıram. Bir işi üzərimə götürürəmsə, mütləq arxasında dayanıram. İşimlə bağlı çox tələbkaram. Kimsə bunu “kapriz” kimi qəbul edirsə, öz problemidir.
– Qalmaqaldan özünüzü necə qoruya bilirsiniz?
– Mənim qalmaqalla nə işim ola bilər ki? Bir az özümü tərifləyim də (gülür). Kifayət qədər istedadım var. İstedadlı insan kimə və niyə paxıllıq etsin? Qismətimə və öhdəmə düşən rolları çalışıram gözəl təqdim edim. İstər komediya, istərsə də faciə janırında olsun, fərq etməz.
– Maşallah, illər sizi heç dəyişmir.
– Ürəyim təmizdir, ona görə.
– Doğrudan, fikir vermişəm paxıl adamlar tez qocalır.
– O çox pis şeydir, insanlara məsləhət görmürəm paxıl olmağı. Onsuz da mənim qismətimdə nə varsa, o da olacaq. Ha mənə pislik etsinlər, xeyri yoxdur.
– Özünüzə qarşı paxıllıq hiss edəndə, həmin insanlara reaksiyanız necə olur?
– Bıçaq pendiri kəsən kimi münasibəti kəsirəm və o insanı həyatımdan yox edirəm.
– Qisas hissi necə, varmı içinizdə?
– Heç vaxt dönüb mənə pislik edən adama pisliklə cavab vermirəm. Ona görə belə gözəl qalmışam. (gülür)
– Kinli deyilsiniz demək?
– Yox kinliyəm. O adamı yaxınıma buraxmaram. İkinci dəfə barışıq söhbəti ola da bilməz.
– Hətta yalvarsa da belə?
– Mənə niyə yalvarsınlar ki… Rejissor deyiləm ki, ona rol verim. Sadəcə olaraq, həyatımdan çıxarıram o insanı.
– Sizin anlamınızda ən böyük qisas nədir bəs?
– O barədə düşünməmişəm. Məncə, elələrinə ən gözəl cavab sənin işindir. Hər halda tamaşaçılarımdan və incəsənət aləmində özümə münasibətdən çox məmnunam. Hər kəs hörmətimi saxlayır. Bu da ondan irəli gəlir ki, illərlə sənətimə sadiq olmuşam.
– Sizcə, tamaşaçılarınız tərəfindən sevilməyinizin sirri nədədir?
– Yəqin istedadımda. Heç vaxt istəməmişəm ki, kiməsə özümü cani-dildən, zorla sevdirim. Məni sevən sevsin, sevməyənə də sayğı duyuram. Ola bilər elə tamaşaçı, yaxud da rejissor məni bir aktrisa kimi qəbul etməsin. Olsun, məni qəbul edənlərin sayı da çoxdur axı.
– Qızınız da sənət aləmindədir. Ona qadağalarınız olurmu?
– Əvvəllər qızımın sənətə gəlməsini istəmirdim. O Gimnaziyanın rəssamlıq fakultəsini bitirib. Çox istəyirdim ki, qızım tarixçi olsun. Dedi ki, özümə maraqlı olan bir sahəni seçmək istəyirəm, etiraz etmədim. Rejissorluğu seçdi. Filmlər çəkir.
– Aktrisa kimi səhnəyə çıxırmı?
– “Azdrama”nın keçmiş direktoru İsrafil İsrafilovun vaxtında yaradıcılıq studiyası vardı, orda iştirak edirdi. Tələbələrdən ibarət uşaq tamaşası hazırladım, ona da rol verdim. Səhnəni çox sevir, amma öz istəyi ilə rejissorluq edir. Bir tamaşada da rol alıb. Hətta bir çoxları bilmirdi o mənim qızımdı.
– Sərt anasız?
– Sərt deyiləm, daha çox narahatam. İnsan kimi əlbəttə sərtliyim var, bəlkə ana kimi də var. Amma yaxşı anayam.
– Gələcəkdə qızınız ailə qurarkən seçiminə müdaxilə edəcəksiniz?
– Qızım yaşına görə çox müdrikdir. Mən onun seçiminə sayğı ilə yanaşacam. Çünki neylədiyini bilən qızdır. Vaxtilə anam da mənə məsləhətlər verib. Hər dövrün öz qayda-qanunları var. Bilirdim ki, anamın məsləhətinə qulaq assam, uduzacam. Hərçənd deyirlər ki, böyüyün məsləhətinə qulaq assan uğur qazanarsan. Mən anamın sözünü yerə salmamaq üçün o işi edirdim, amma müvəffəqiyyət qazanmırdım. Sadəcə olaraq, anamı incitmək də istəmirdim. İndi o təcrübədən çıxış edərək istəmirəm ki, qızıma təsir edim. Qızım da öz nəslinin nümayəndəsidir çox şeyi yaxşı bilir və çərçivəni aşmır.

Paylaş: