Nəğməkar şairin 55 illik yubileyidir
Tarix: 17-04-2018, 15:48



Bu gün filologiya elmləri doktoru, professor, nasir, dramaturq Vüqar Əhmədin 55 illik yubileyidir. Xatırladaq ki, Vüqar Əhməd 1963-cü ilin aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olub.
1984-1987-ci illərdə Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə “Novruz” qəzeti və “Azərbaycan dünyası” nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışıb.
Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. 2005-2011-ci illərdə AMİ-nin professoru olub. Rəhbərliyi altında gənc ailimlər yetişməkdədir. 1980-ci ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
“Rus uşaq ədəbiyyatı və Azərbaycan”, “Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı”, “Azərbaycan uşaq ədəbiyyatı”, “Ədəbiyyatşünaslıq”,  “Anam mənim”, “Ş.M.Xiyabani” və s. kimi 30 kitab və 300-dən çox elmi, publisistik məqalə müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir. “Qızıl Qələm”, AHİK-nın (2 dəfə) və AMEA-nın “Fəxri Fərman”ları ilə təltif olunub, “Araz” ali ədəbi, “Abdulla Şaiq”, “Məmməd Araz”, “İlin nəğməkar şairi”, 2 dəfə “Zirvə”, “İlin mahnısı”, “Simurq” və s. mükafatlarına layiq görülüb.
Vüqar Əhməd 55 illik yubileyi ilə bağlı təəssüratlarını musavat.com-a bölüşüb: “Bu yubileyimi də evdə, ailəmlə birgə keçirəcəm. Yubiley təəssüratım çox yaxşıdır. Xalqımdan, dövlətimdən, oxucularımdan, tamaşaçılarımdan da razıyam. Bu il “İlin alimi” adına layiq görüldüm, Cənubi Azərbaycan poeziyası haqqında kitabım çap olundu və s... Artıq mətbuatda, mediada, sosial şəbəkələrdə yubileyimlə bağlı təbriklər, xoş sözlər ünvanlanıb. Hər kəsə təşəkkür edirəm”.
Musavat.com

Paylaş: