Xalq artisti Möhsün Sənaninin doğum günüdür
Tarix: 19-06-2017, 10:35



Azərbaycanın Xalq artisti, Qırmızı Əmək Bayrağı ordenli Möhsün Sənaninin doğum günüdür.
Ulduzumsan.Az-ın məlumatına görə, Cəfərov Möhsün Sadıq oğlu (Möhsün Sənani) 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub. 4-5 yaşında ikən ata-anasını itirib, nənəsinin himayəsində yaşayıb. 1908-ci ildə nənəsi vəfat edəndən sonra xalası molla Zinyət onu himayəsinə götürüb.
Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırıb. 1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin komik aktyoru Mirzəxan Quliyev olub.
İşsiz, maddi baxımdan korluq çəkən Möhsünü yaxın bir gürcü dostunun atası "Vano dayı" tramvay parkında qulluğa düzəldir. 
1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və başqaları Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. 
Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. 
M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, teatrda, eləcə də kino sənətində də yaddaqalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan "Səbuhi", "Bəxtiyar", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir.
İstedadlı aktyor 1981-ci il fevraılın 11-də Bakıda vəfat edib.

Paylaş: