İsveçrədə muğam axşamları keçirilib
Tarix: 28-06-2017, 16:10



İsveçrənin Bazel şəhərində "Azərbaycan mədəniyyəti inciləri" çərçivəsində "Azərbaycan muğamları gənc muğam ifaçılarının təqdimatında" adlı növbəti layihə həyata keçirilib.
 
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Azərbaycandan dəvət olunmuş gənc muğam ifaçıları Ehtiram Hüseynov, Günay İmamverdiyeva və onları müşaiyət edən musiqiçilər Xəyyam Məmmədov, Rövşən Qurbanov qonaqlara unudulmaz anlar yaşadıblar, onlar 55 dəqiqə davam edən musiqi proqramında muğam sənətinin bütün gözəlliyini isveçrəlilərə və buradakı əcnəbi qonaqlara çatdırmağa çalışıblar.
 
Bazelin məşhur Botanika bağında təşkil olunan tədbir İsveçrədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Əliyevanın təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycanın İsvecrə Konfederasiyasındakı səfirliyinin dəstəyi ilə keçirilib. Tədbir iştirakçılarına və qonaqlara təşəkkür edən A. Əliyeva belə tədbirlərin tamamilə fərqli mədəniyyətə, düşüncə tərzinə malik insanlar arasında körpü olduğunu vurğulayaraq, gələcəkdə də bu cür görüşlərin keçiriləcəyinə boyük ümid bəslədiyini bildirib və əlavə edib ki, bu kimi layihələr gələcəkdə İsveçrə musiqiçilərinin də Azərbaycanda konsertlərinin təşkilinə təkan verəcək. 
 
Qeyd edək ki, Azərbaycan muğam sənətinə həsr olunmuş ikinci konsert proqramı "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi"nin sədri Qasım Nəsirovla birgə Bern şəhərinin "Ono" Mədəniyyət Mərkəzində təşkil olunub.  








Paylaş: