9 universitetdən qəbul alan Selcan: “Seçimim neyrocərrahiyyədir”
Tarix: 24-07-2020, 17:39



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 177 nömrəli tam orta məktəbin məzunu Selcan Nurullayevanın dünyanın 9 nüfuzlu universitetinə qəbul olması barədə məlumat vermişdik. 
Çin Xalq Respublikasının Pekin Universitetində tam təqaüdlü təhsil almağı seçən Selcan Nurullayeva əldə etdiyi uğuru və gələcək planları ilə bağlı Yeniavaz.com-a müsahibə verib.
- Sizin fikrinizcə uğurunuzun sirri nədədir?
- Uğur qazanmaq üçün ilk növbədə, insanın müəyyən bir məqsədi, hədəfi olmalıdır. İnsan qarşısına müəyyən bir məqsəd qoymalı və ona çatmaq üçün çalışmalıdır. Sözsüz ki, bunun üçün çox çalışmaq lazımdır. Çəkilən zəhmət heç vaxt hədər getmir. Ən vacib məqam isə odur ki, heç vaxt ruhdan düşmək olmaz.
- Buna görə kimə və ya kimlərə borclusunuz?
- Qazandığım uğurlara görə müəllimlərimə və valideynlərimə təşəkkür edirəm. Müəllimlərim dərs materiallarını mənimsətməklə yanaşı, potensialım və marağım olan sahələrdə özümü inkişaf etdirmək üçün həmişə köməklik etmişlər. Valideynlərim də mənə hər zaman dəstək olub, bütün uğurlarımda xüsusilə anam həmişə yanımda olub. Həmçinin “Sabahın Alimləri” müsabiqəsi üçün birlikdə çalışdığımız, elmi rəhbərim olmuş “Molekulyar Biologiya və Bioinformatika” Elmi-Tədqiqat İnstitutunda Biotexnologiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor İlham Şahmuradov da mənim üçün bir stimul olub. Mənim bioinformatika, genetika sahəsinə olan marağımın artmasında, bu sahədə olan biliklərimin təkmilləşməsində böyük rolu olmuşdur. Buna görə, İlham müəllimə minnətdaram.
- Dərs oxuyarkən istifadə etdiyiniz xüsusi bir metod var idi?
- Bayaq vurğuladığım kimi çox çalışmaq lazımdır. Lakin bu, o demək deyil ki, insan istirahətindən qalmalıdır. Mən dərslərimi oxumaqla yanaşı, istirahətə də vaxt ayırırdım. Bu zaman dərslərdən əlavə xoşladığım işlərlə məşğul olurdum. Məsələn, proqramlaşdırma ilə maraqlanıram. İlham müəllimlə hazırladığımız layihədə “Linux” proqramından istifadə etmişdik. Həm bu proqramda daha nələri etməyin mümkünlüyünü yoxlayıram, həm də proqramlaşdırmadan istifadə etməklə müxtəlif oyunları qurmağın yollarını praktiki olaraq tətbiq edərək öyrənirəm.
- Necə oldu ki, 9 universitetdən qəbul ala bildiniz?
- Xaricdə təhsil alaraq peşəkar bir mütəxəssis olmaq istəyirəm. Bunun üçün dünyada yüksək keyfiyyətlərə malik universitetlərlə maraqlandım və sənədlərimi müvafiq qaydada təqdim etdim. Nəticə göz qabağındadır.
- Müraciətləri kimlərlə və necə etdiniz?
- Müraciətləri anamla məsləhətləşərək özüm etmişəm.
- Niyə məhz Pekin Universitetini seçdiniz?
- Neyrocərrahiyyə sahəsində istifadə edilən cihazların demək olar ki, hamısı Çinə gətirilir. Eyni zamanda da müasir texnoloji yeniliklərə əsaslanan  cərrahi müdaxilələrin üsul və formaları burada tətbiq edilir. Müxtəlif xəstəliklərin müalicəsi üzrə böyük təcrübəyə və yüksək nüfuza malik tibb üzrə mütəxəssis və alimlər Çində fəaliyyət göstərirlər. Onlar öz pasiyentlərinin xeyrinə ən yeni metodlardan istifadə etmək bacarığına sahib mütəxəssislər yetişdirirlər. Buna görə də mən tibb sahəsində mənimsəmək istədiyim bilik, bacarıq və təcrübəni buradan əldə etmək istəyirəm. 
- Tibbin hansı sahəsini seçməyi düşünürsünüz?
- Neyrocərrah olmaqla bu sahədə olan mütəxəssislərin sayını artırmaq və insanın məhz onurğa və baş-beyin nayihəsində yaranan və yarana biləcək problemləri aşkar etmək, qeyd olunan nahiyələrdəki xəstəlikləri müalicə etməyin daha effektli üsullarını mənimsəmək istəyirəm. Respublikamızda, eləcə də dünyada məhz neyrocərrahiyyə sahəsində mütəxəssislərin sayı azdır. Neyrocərrah olmaq dəqiqlik və bu sahədəki texnoloji incəlikləri mükəmməl bilməyi tələb edir. Tibbin bu sahəsini seçməyimin bir səbəbi də məhz budur.  Qeyd edim ki, yeni doğulan körpələrdə anadangəlmə neyroloji problemlər mövcud olur ki, bu sahədə istifadə edilən tibbi metodlar kifayət etmir. Belə ki, yeni doğulan körpələrin beynində su yığılması, yəni hidrosferalı qapanma halları müşahidə edilir. Bundan başqa, boyun qovşağından başlayaraq bütün onurğanı içinə çəkən qapanma halları da vardır ki, hər iki hal neyroloji müalicə tələb edir. Əksər vaxt bu neyroloji xəstəliklərin müalicəsi cərrahi müdaxilə tələb etsə də, körpələrin əməliyyat üçün uyğun yaş həddinə çatana kimi xəstəliyin fəsadlarının artmaması üçün düzgün müalicə üsulunu tətbiq etmək lazımdır. Düzgün müalicə metodlarından istifadə etməklə yanaşı, neyrocərrahiyyənin incəliklərinə bələd olmaq lazımdır.
- Universitetdən sonra da təhsilinizi davam etdirəcəksiniz?
- Bəli. Həm peşəkar bir mütəxəssis, həmçinin, bu sahədə yenilikləri tətbiq edə biləcək bir elm adamı olmağı qarşıma məqsəd qoymuşam.
- Əldə etmək istədiyiniz ən böyük uğur nədir?
- Əldə etmək istədiyim ən böyük uğur Vətənim, millətim üçün faydalı bir şəxsə çevrilməkdir.
- Çin mətbəxi Azərbaycan mətbəxindən kəskin fərqlənir, bu barədə problem yaşayacağınızı düşünürsünüz?
- Xeyr. Dəniz məhsullarını xoşladığıma görə düşünmürəm bir problemim olsun. Çünki, Şərq mətbəxi ilə - yapon mətbəxi ilə maraqlanmışam. Hətta bir müddət əvvəl onların bəzi yeməklərini hazırlamağa cəhd etmişəm.
- Bəs ailənizdən minlərlə kilometr aralıda bir ölkəyə alışmaq sizin üçün çətin olmayacaqmı? 
- Yəqin ki, olmaz. Elm  öyrənmək, bir mütəxəssis olmaq üçün uzaqlarda olsam da bilirəm ki, valideynlərim həmişə mənim uğurlarıma sevinəcəklər.
- Təhsilinizi başa vurduqdan sonra Azərbaycanda fəaliyyət göstərməyi düşünürsünüz ya xaricdə?
- Xaricdə təhsil alaraq əldə etdiyim bilikləri Vətənə qayıtdıqdan sonra tətbiq etməyi düşünürəm. Belə ki, əsas məqsədim tibb sahəsinin savadlı bir həkim-cərrahı kimi insanlara və dövlətimə xidmət etmək, bununla yanaşı, tibb sahəsində əldə etdiyim bilik və bacarıqları öyrədərək respublikamızda tibbin bu sahəsində ixtisaslı kadrların yetişdirilməsinə nail olmaqdır. Eyni zamanda da elmi-tədqiqat institutunda bu sahə ilə bağlı tədqiqatlar apararaq, yeni və daha səmərəli müalicə metodlarının tətbiq edilməsinə nail olmaq istəyirəm. 
- Bədii kitab oxuyursunuz?
- Bəli, bədii kitablar oxumağı çox sevirəm.
- Ən sevdiyiniz yazıçı və ən sevdiyiniz əsəri hansıdır?
- Klassik, dedektiv və fantastika janrında yazılmış əsərləri sevirəm. Bunlardan L.Tolstoyun “Hərb və sülh” əsərini, Aqata Kristinin və Den Braunun əsərlərini misal göstərə bilərəm.
- Sizə universitet həyatınızda və bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayırıq.
Qeyd edək ki, Selcan Nurullayeva Pekin Universitetindən əlavə 2020-2021-ci tədris ili üçün Tibbi biologiya ixtisası üzrə ABŞ-ın Cənubi Florida, Biologiya ixtisası üzrə Müqəddəs Luis, Arizona və Çikaqo universitetlərində, Molekulyar biologiya və genetika ixtisası üzrə Türkiyənin “Koç”, “Sabancı” və “Bilkent” universitetlərində, eyni zamanda, Tibb ixtisası üzrə “Yeditepe” Universitetində təhsil almaq imkanı qazanıb.

Paylaş: