Rostropoviçin qızı Bakıda: “Rostropoviç Fondu Azərbaycanda layihələrə 10 milyon dollardan çox ianə edib”
Tarix: 14-06-2017, 16:33


Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç və Qalina Vişnevskayaın qızı, baş qərargahı ABŞ-ın Vaşinqton şəhərində yerləşən Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostropoviç Fond tərəfindən Azərbaycanda həyata keçirilən proqramın tətbiqi ilə tanış olmaq üçün Bakıya gəlib.
Virtualaz.org saytı xəbər verir ki, Yelena Rostropoviçlə Səhiyyə Nazirliyində görüş keçirilib. Y. Rostropoviç bildirib ki, Fond yeni doğulmuşlar arasında ürək qüsurunun erkən dianostikası və kəskin anadangəlmə ürək çatışmazlığı ilə bağlı proqram həyata keçirir. Bu proqramın əhəmiyyətini diqqətə çatdıran Y. Rostropoviç bildirib ki, artıq bir çox qərb ölkələrində bu proqram həyata keçirilir. 2003-cü ildən Fondla Azərbaycan arasında əməkdaşlıq var:

“Mən çox məmnunam ki, bizim fondumuz atamın doğulduğu ölkə - Azərbaycanda uşaqların sağlamlığının qorunması üçün layihə həyata keçirir. Bu il atamın anadan olmasının 90 illiyi və Fondun 25 illik yubileyi qeyd ediləcək. Atam hər zaman Azərbaycanı ürəyində yaşadıb”, - deyə Y. Rostropoviç bildirib.
O, qeyd edib ki, yenidoğulmuşlar arasındakı kardiomüayinə proqramı onun üçün çox əhəmiyyətlidir: “Mənim böyük oğlum kəskin ürək qüsuru ilə doğulub. Erkən diaqnostika və uşaqlıqda aldığı müalicə nəticəsində sağlam böyüyüyb. Kardiomüayinə uşaqların sağlam böyüməsi üçün əhəmiyyətlidir”.

Fond qızılca, parotit və məxmərəyə qarşı peyvəndin milli peyvənd təqviminə daxil edilməsi, anadan uşağa vertikal yoluxmanın qarşısının alınması üçün hamilə qadınlar arasında İİV-QİÇS-ə qarşı mübarizə kimi layihələrdə ümumilikdə 10 milyon dollardan çox vəsait ianə edib.
Fondun tibbi direktoru Rennert Volfqanq isə layihənin gedişatından razı qaldığını bildirib. Bundan əlavə, həkimlər üçün kardiomüayinə təlimləri keçirilib.

Paylaş: