Bəhram Bağırzadənin "Hacı Zeynalabdin Tağıyev - Uşaqlar üçün" kitabı nəşr edilib
Tarix: 14-02-2020, 10:20



Azərbaycanın Əməkdar artisti, tanınmış aktyor, nasir Bəhram Bağırzadənin uşaqlara həsr edilən "Hacı Zeynalabdin Tağıyev-Uşaqlar üçün" adlı kitabı çapdan çıxıb.
Open.az xəbər verir ki, Bəhram Bağırzadə yeni nəşr barəsində sosial şəbəkədə məlumat yayıb.
B.Bağırzadə H.Z.Tağıyevə həsr edilən kitabın satışa çıxarılmayacağını, xeyriyyə nümunəsi olaraq, uşaqlara hədiyyə ediləcəyini bildirib:
"Hörmətli dostlar! Demək olar 30 ildir ki, mən bu dahi şəxsiyyət haqqında kitabı nəşr etmək istəyirdim və sabah mənim arzum həyata keçəcək - "Hacı Zeynalabdin Tağıyev - Uşaqlar üçün" kitabı işıq üzü görür! Bu kitab satışa buraxılmayacaq, belə ki, dahi xeyriyyəçiyə nümunə olaraq, mən bütün ekzemplyarları uşaqlara paylamaq niyyətindəyəm. Sizlərdən kimsə bu kitabi əldə etmək istəyirsə, mənə yazsın. Söz verirəm ki, mənə yazan hər kəsə cavab verəcəm və mütləq mənim yeni "Hacı Zeynalabdin Tağıyev - Uşaqlar üçün" kitabımı hədiyyə edəcəm! " deyə Bəhram Bağırzadə əlavə edib.
Xatırladaq ki, 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi görüşdə, Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərində abidəsinin ucaldılması təklifini də Bəhram Bağırzadə irəli sürmüşdü. Və məlum görüşdən qısa müddət sonra Prezident İlham Əliyev H.Z.Tağıyevin abidəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb.

Paylaş: