Azərbaycanda teatr direktoru vəfat edib
Tarix: 2-10-2017, 17:29


Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Gəncə Dövlət Kukla Teatrının direktoru Fətəliyev Bayram Aprel oğlu 2017-ci il sentyabr ayının 30-da 58 yaşında vəfat edib.   
 
B.Fətəliyev 1975-1979-cu illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. 1991-ci ildə Gəncənin Kəpəz rayonu Kitabsevərlər Cəmiyyətinin məsul katibi vəzifəsində çalışmışdır. 1991-ci ildən Gəncə Dövlət Kukla Teatrının direktorudur.
 
Bu illər ərzində teatrın yaradıcılıq simasının formalaşması, teatra istedadlı gənclərin cəlb olunması  istiqamətində dolğun fəaliyyət göstərmişdir. Məhz B.Fətəliyevin rəhbərliyi ilə teatrda M.F.Axundzadənin «Xırs quldurbasan», N.Gəncəvinin «Xeyir və şər», S.S.Axundovun «Qaraca qız», A.Şaiqin «Fitnə», Ü.Hacıbəylinin «O olmasın, bu olsun» və başqa tamaşalar hazırlanmışdır. Bu tamaşalarla Gəncə Dövlət Kukla Teatrı 1994-cü ildə Qazaxıstanın Almatı şəhərində keçirilmiş Şərq Xalqları Beynəlxalq Kukla Teatrları Festivalında, 1996-cı ildə Gürcüstanın Kutaisi şəhərində keçirilmiş Birinci Beynəlxalq Kukla Teatrları Festivalında, 1999, 2001 və 2003-cü illərdə Türkiyənin İzmir şəhərində keçirilmiş Kukla və Kölgə Oyunları Beynəlxalq Teatr Festivalında, 2001-ci ildə Türkiyənin Bursa şəhərində keçirilmiş Qaragöz Kukla və Kölgə Teatrları Beynəlxalq Festivalında, 2005 və 2009-cu illərdə Bolqarıstanın Torqoviş və Plovdiv şəhərlərində keçirilmiş Beynəlxalq Kukla Teatrları Festivalında Azərbaycan Respublikasını layiqincə təmsil etmişdir.  
 
B.Fətəliyev Gəncə şəhərinin mədəni həyatında da yaxından iştirak edirdi.
İstedadlı təşkilatçı, gözəl insan Bayram Fətəliyevin işıqlı xatirəsi onun dostlarının, yaradıcı ziyalıların qəlbində  qalacaqdır.
Allah  rəhmət eləsin!

Paylaş: