Azərbaycanlı ifaçılar Vyanada konsert veriblər
Tarix: 27-09-2019, 09:47



Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Üzeyir Musiqi Günü həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda geniş qeyd edilir.
Lent.az xəbər verir ki, bu münasibətlə Vyanada Azərbaycan klassik musiqi axşamı keçirilib.
Tədbirdə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova hər il Azərbaycanda geniş qeyd olunan Üzeyir Musiqi Günü və ölməz bəstəkar Üzeyir Hacıbəyli haqqında qonaqlara geniş məlumat verib.
Konsertdə Manafzadələr ailəsi klassik proqramla çıxış edib. Pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laueratı Abuzər Manafzadə Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də özünün bəstələdiyi “Xocalıya” əsərini məharətlə ifa edib. Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafov isə ifalarında Tofiq Quliyev, Frederik Şopen və Sergey Raxmaninovun yaradıcılığına müraciət edib. Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Avropa bəstəkarları ilə yanaşı, öz əsərlərini də səsləndirib, onun ifasında Azərbaycan xalq mahnısının fərqli aranjemanda təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertdə Turan Manafzadə və Karen Danqer-Manafzadə Azərbaycan xalq və bəstəkar mahnılarını birlikdə ifa ediblər. Konsertin zirvə nöqtəsini isə Turan və Abuzər Manafzadələrin dörd əllə piano ifaları təşkil edib. Hər üç pianoçunun birgə ifasında Avstriyanın qeyri-rəsmi himnlərindən hesab olunan “Radetski marşı” və Müslüm Maqomayevin ölməz “Azərbaycan” mahnısı tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.

Paylaş: