Xalq şairindən MTRŞ sədrinə çağırış: Daha sərt...
Tarix: 25-08-2017, 09:33


Bir müddət əvvəl Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziyalarda ədəbi dil normalarının pozulması ilə bağlı monitorinqlər keçirib. Monitorinqlərin nəticələrinə əsasən, yerli televiziyaların əksəriyyətində ədəbi dil normalarının pozulması hallarının kifayət qədər çox olması müşahidə edilib. Bu cür monitorinqlərin müntəzəm olaraq keçirilməsinə baxmayaraq, televiziyalar nədənsə qüsurların aradan qaldırılması məsələsinə o qədər də ciddi yanaşmır. Monitorinqlərin nəticələri ilə bağlı danışan ekspertlər də bu barədə öz iradlarını bildiriblər.
Televiziyalardakı dil qüsurları ilə bağlı açıqlama verən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bununla yanaşı, bəzi ziyalılarımızın dilimizə xor baxması, ana dilində öz fikirlərini ifadə edə bilməmələri və ümumilikdə ədəbi dildə tarazlığın pozulması problemlərini də gündəmə gətirib.
Xalq şairi, Azərbaycan Dil Qurumu İctimai Birliyinin rəhbəri Sabir Rüstəmxanlı da bu məsələ ilə bağlı fikirlərini Axar.az-la bölüşüb:
MTRŞ-nın bu addımı çox ciddi işdir
- MTRŞ bu yaxınlarda televiziyalarda və mətbuatda ədəbi dil normalarının qorunması ilə bağlı monitorinq keçirib. Monitorinq keçirilərkən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan təcrübəli mütəxəssislər cəlb olunub. Sonra da həmin monitorinqlərin nəticəsi Teleradio Şurasında müzakirə olunub. Bu müzakirələrin bir neçəsində mən də iştirak edib, ədəbi dil normalarının pozulması ilə bağlı fikirlərimi demişəm. Həm ana dilimizin işlənmə vəziyyəti, həm də monitorinqlərin keyfiyyəti haqda fikirlərimi bölüşmüşəm. MTRŞ-nın bu işlərlə məşğul olması və ardıcıl yoxlamalar keçirməsi son dərəcə ciddi bir işdir və buna görə də təşəkkürümü bildirirəm. Bu prosesi davam etdirmək lazımdır. Əvvəlki müzakirələrdə də dilin vəziyyəti ilə bağlı ciddi qüsurlar aşkarlanıb. Bu yoxlamaların nəticələri balaca kitabçalar kimi çap olunub. Güman edirəm ki, həmin kitabçalar televiziya və radiolara, mətbuat orqanlarına göndərilməlidir və göndərilib də.
TV-lər bundan dərs çıxarmayıb
- Nuşirəvan Məhərrəmli bir daha televiziyalarda ədəbi dildə yox, ara sözlərlə danışılmasını irad tutursa, məişət danışığının televiziyalarda işlədilməsini tənqid edirsə, bu onu göstərir ki, televiziyalar əvvəlki monitorinqlərin nəticələrindən ibrət almayıb. Çünki həmin monitorinqin hesabatında bu məsələlərin hamısı çox aydın deyilib. Belə qüsurların təkrarlanmasının səbəbləri çoxdur. Burada əsas məsələ peşəkarlıqdır. Televiziyalarda, radiolarda diktorlar, aparıcılar peşəkar olmalı, işini bilən adamlar ekran qarşısına çıxmalı, aparıcılar dili mükəmməl şəkildə bilməlidirlər. Onlar subyektiv addımlarla seçilməməlidirlər. Bu tənqidlər dəfələrlə deyilir, amma təəssüf ki, nöqsanlar yenə də təkrarlanır.
Daha çox ziyalıların bir hissəsi, xüsusilə də mədəniyyət və incəsənət xadimləri sanki qəsdən Azərbaycan dilini rus sözləri ilə qarışdırırlar. Guya ki, bu, çağdaş olmağın, müasirliyin göstəricisidir. Əslində, bu cür danışıq eybəcər səslənir və geriliyin, nadanlığın əlamətidir. Bəzi ziyalılarımız rus məktəblərində təhsil alıblar. Ona görə də Azərbaycan dilini indi öyrənməyə başlayıblar. Onları hardasa başa düşmək olur, lakin elələri də var ki, qəsdən başqa dildə danışırlar. Təbii ki, belə nöqsanları bağışlamaq olmaz.
Bu insanlar ana dilində normal danışa bilmir
- Hərdən görürük ki, televiziya əməkdaşları paytaxt küçələrində hansısa mövzu ilə bağlı sorğu keçirirlər. Sorğularda danışan şəhər əhalisinin dili çox dolaşıq olur, heç nə başa düşmək olmur. Rus və Azərbaycan sözlərinin qarışıq formasında danışırlar. Televiziyalar materialı bu şəkildə efirə verirlər. Tutaq ki, sorğunu keçirmisiniz və görürsünüz ki, bu insanlar ana dilində normal danışa bilmirlər. Nəyə görə bu formada danışığı efirə verirsiniz? Həmin hissələri kəs tulla, başqa adamdan sorğu götür!
Təəssüf ki, xəbər buraxılışları və digər verilişlər beləcə davam edir. Camaat da baxır və elə bilir ki, əgər televiziyalar bu cür danışığı efirə verirsə, deməli, biz də bu cür danışa bilərik. Televiziya çoxsaylı auditoriya üçün məktəb kimi örnək götürüləcək bir yerdir, bir növ, universitetdir. Heç kitabların o qədər tirajı yoxdur. Bəs onda televiziyalar niyə bu boyda səhvləri tirajlayıb camaatı yanıldır?!
Ara danışıq sözlərindən istifadə etmək, ədəbi dildən kənara çıxmaq xəstəliyə çevrilib. Azərbaycanın çox mükəmməl ədəbi dili var, televiziya və radiolarımızda da məhz bu dildə danışmaq lazımdır.
TV əməkdaşlarının belə danışması çox iyrəncdir
- Televiziyaların qəsdən ədəbi dil normalarını pozması heç də dili xəlqiləşdirməsi demək deyil. Bu, ayrı məsələdir: personajların dili var, sonra, məsələn, müxbir gedib hansısa kənddən reportaj hazırlayırsa, o kənd sakininin öz ləhcəsi ilə danışması son dərəcə gözəldir, amma bizim televiziya işçilərimizin özlərinin ləhcə ilə danışması, məişət dilindən çox istifadə etməsi son dərəcə eybəcər alınır. Televiziyanın işi bu dili qorumaq və ədəbi dildə danışmaqdır. Televiziyanın dilini bütövlükdə məişət səviyyəsinə endirmək olmaz.
Televiziyada ədəbi dil normalarının pozulması ilə bağlı xəbərdarlıqlara MTRŞ baxır. Bu iş özü xüsusi məsuliyyət tələb edir. Hesab edirəm ki, MTRŞ öz səlahiyyətindən istifadə edib, ana dili normalarını pozan aparıcılara və televiziyalara qarşı daha sərt tədbirlərin görülməsinə başlamalıdır.
Bu, tərbiyəsizliyin yekəsidir!
- Rus dili və ya başqa dilləri öyrənməyin tərəfdarıyam. Bu, çox lazım olan bir şeydir. Çox təəssüf ki, Azərbaycan dili rus məktəblərində o qədər aşağı səviyyədə tədris olunur ki, uşaqların çoxu Azərbaycan dili dərslərində iştirak etmir. Çünki rus məktəblərində Azərbaycan dilini uşaqlara sevdirmirlər. Rus məktəblərində oxuyan azərbaycanlı uşaqların valideynləri, müəllimləri demir ki, bala, sənin ana dilin də var, ana dilimizi, tariximizi öyrən və s. Araşdırsanız, görəcəksiniz ki, rus məktəbini bitirən azərbaycanlıların dil bilgisi olduqca zəifdir. Bu ölkədə, bu torpaqda yaşaya-yaşaya öz tarixini bilmirlər və ya zəif bilirlər.
Rus bölməsini bitirən uşaqlarda belə bir fikir formalaşıb ki, rus məktəbini bitirmişəmsə, niyə azərbaycanca danışmalıyam?! Belə deyim ki, bu, tərbiyəsizliyin yekəsidir! Sən rus məktəbində oxumusan deyə, ana dilinə hörmət etmirsən?! Bunları ailəsi başa salmalıdır.
Adətən bir neçə dil bilənləri daha çox qabağa çəkirlər. Bu şəxslər düşmən qabağına çıxırlar, diplomat olurlar, beynəlxalq səviyyəli görüşlərdə iştirak edirlər, amma öz tariximizdən, mədəniyyətimizdən xəbərləri yoxdur. Həmin insanlar Azərbaycan dilini təmsil edə bilməz. Ona görə də ya rus məktəblərində təhsil daha çox ana dilində olmalıdır, ya da rus məktəblərində təhsil alan azərbaycanlı və digər millətlərin nümayəndələrinə tariximizi, mədəniyyətimizi və s. mükəmməl şəkildə öyrətmək lazımdır.

Paylaş: