Əməkdar artist, rejissor Mərdan Feyzullayev Moskvada dünyasını dəyişib
Tarix: 14-08-2017, 12:27


Azərbaycan Respublikasının Əməkdar artisti, Rusiya Federasiyasının II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeninin sahibi, rejissor Mərdan Feyzullayev vəfat edib.
SalamNews-un məlumatına görə, Mərdan Feyzullayev yaradıcılığa otuz il bundan əvvəl Azərbaycanda başlayıb. O, əvvəlcə Mirzağa Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsini, sonra Moskvada Şukin adına Dramatik Məktəbin rejissorluq fakültəsini bitirib. Sabit Rəhman adına Şəki teatrında aktyor, rejissor, baş rejissor vəzifələrində işləyib. Keçən əsrin səksəninci illərində Şəki teatrı Hüseynağa Atakişiyevin və Mərdan Feyzullayevin quruluş verdiyi tamaşalarla Sovet İttifaqının bir sıra şəhərlərində, o cümlədən Moskvada qastrol səfərlərində olub. M.Feyzullayevin quruluş verdiyi bir sıra tamaşalar - Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, “Anamın kitabı”, Çingiz Aytmatovun “Gün var əsrə bərabər”, Hüseyn Cavidin “İblis”, Nodar Dumbadzenin “Ağ bayraqlar”, Bəxtiyar Vahabzadənin “Dar ağacı” və bir sıra başqa əsərlər sənətsevərlər və teatr biliciləri tərəfindən hərarətlə qarşılanıb.
M.Feyzullayev iyirmi ildən çox Moskvada yaşayıb və işləyib. Rusiyada “Jar-ptitsa” Moskva Uşaq Kukla Teatrının rejissoru vəzifəsində çalışıb.
Azərbaycan mədəniyyətinin və tetırının inkişafı və Rusiya Federasiyasında tanınması baxımından isə 2009-cu ilin aprel ayında Moskvada yaradılmış "Dərviş" teatrı M.Feyzullayevin yaradıcılığında xüsusi yer tutub. Şəxsi maliyyə dəstəyi və aktyorlarla şəxsi tanışlığı sahəsində Moskvadakı Azərbaycan teatırının bu günə qədər qoruyub saxlamaqla yanaşı inkişaf etdirib, böyük uğurlar qazanıb.
"Dərviş" teatrı Moskvada Azərbaycan mədəniyyətini, mənəviyyatını, tarixini rus dilində teatr vasitəsi ilə rusiyalı tamaşaçıya təqdim edib. Belə ki, “Lənkəran xanının vəziri”, “Şekspir, “Gülüstan”, “Arşın mal Alan” kimi səhnələr tamaşaçı rəğbəti qazanıb və Rusiyanı qarış-qarış gəzib.
Mərdan Feyzullayevlə vida mərasimi bu gün Moskvanın “Jar-ptitsa” tearında baş tutacaq.
Allah rəhmət eləsin!

Paylaş: