Akademik Milli Dram Teatrı uşaqları “Çipollino” tamaşası ilə sevindirəcək
Tarix: 31-05-2017, 17:14


Akademik Milli Dram Teatrı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi
Günündə azyaşlı tamaşaçıları məşhur “Çipollino” tamaşası ilə
sevindirəcək. Teatrın mətbuat katibi Cavid Zeynallının verdiyi
məlumata görə, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni
Rodarinin “Çipollino” əsəri əsasında hazırlanıb:

Ulduzumsan.Az xəbər verir ki, “Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının
müəllifi Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham
Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin
Həsənovadır. Canni Rodari “Çipollinonun macəraları” kitabı ilə dünya
şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk
cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib.
Tamaşada C. Rossininin musiqilərindən istifadə edilib. Tamaşaya ilkin
baxış keçirilib və səhnə tərtibatı, rejissoru işi, musiqi həlli
baxımından çox böyük maraqla qarşılanıb, haqqında müsbət fikirlər
səslənib. Əlif Cahangirli Akademik Milli Dram Teatrının gənc və
istedadlı rejissorudur və inanırıq ki, səhnə əsərimiz uşaqların
sevimli tamaşalarından birinə çevriləcək, onlar balaca Çipollinonun
macəralarını böyük sevgi və maraqla qarşılayacaqlar”.

Qeyd edək ki, səhnə əsərində aktrisa Xədicə Novruzlu (Çippolino),
əməkdar artistlər Əlvida Cəfərov (Ata Soğan), Mirzə Ağabəyli (Usta
Kudu), Məzahir Cəlilov (Üzüm əmi), Rüstəm Rüstəmov (Sinyor Pomidor),
aktyorlar Rəşad Bəxtiyarov (Vəliəhd Limon), Cümşüd Zeynalov (Professor
Armud), Dilarə Nəzərova (Qaragilə), əməkdar artistlər Mehriban
Xanlarova və Sevinc Əliyeva (Albalılar), aktyorlar Ramin Şıxəliyev
(Kaktus), Vüsal Mustafayev (Qraf Albalı), Ziya Ağa (Xəfiyyə Yerkökü),
Ümman Budaqov (I Limon), İmran Qurbanov (II Limon), Ənvər Məmmədov
(Lobya) çıxış edirlər.

Paylaş: