"ARB Kəpəz" televiziyasının fəaliyyətə başlamasından 25 il ötür
Tarix: 4-06-2018, 12:46



“ARB Media Qrup”un tərkibinə daxil olan “ARB Kəpəz” televiziyasının fəaliyyətə başlamasından 25 il ötür.
1993-cü ilin yayında regionun “Kəpəz” adlı ilk güzgüsü Gəncədən göstərməyə başladı. O vədədən indiyə nə az, nə çox 25 il keçib. Amma bu təkcə təqvimin günləri deyil. Əsrin ¼-i qədər yaşı olan “ARB Kəpəz” bir çox ilkləri geridə qoydu.
Regionların sosial, siyasi, iqtisadi, mədəni və idman sahələrində baş verən ən son xəbərlərin daha dolğun və daha operativ şəkildə çatdırılmasında “ARB Kəpəz”in xidməti əvəzsiz oldu.
“ARB Kəpəz” Azərbaycanda avtomatlaşdırılmış teleyayıma keçməklə daha bir ilkə imza atdı. Regionun ilk görünəni, “Kəpəz FM” radiosu ilə həm də ilk eşidiləni oldu.
Televiziyanın ən təqdirəlayiq işlərindən biri də bu sahədə ilk dəfə olaraq, "ASAN xidmət" könüllüləri ilə əməkdaşlıq oldu. Könüllü gənclərə “Master 1” və “Master 2” layihələri çərçivəsində televiziya dünyası ilə yaxından tanış olmaq, təcrübə keçmək və hətta işlə təmin olunmaq şansı verildi. Bu şansdan yararlananlar isə bu gün artıq əməkdaşlarımızdır.
Bir sözlə, “ARB Kəpəz” sadəcə televiziya olmadı, həm də bu sahənin məktəbinə çevrildi. Hələ də mövqe və hədəf dəyişilməyib - daha çox göstərmək, daha çox öyrətmək və daha çox öyrənmək. Elə dəyişilməz mövqenin nəticəsidir ki, kiçik bir otaqdan yayıma başlayan televiziyanın bugünkü şəraiti ölkənin ən yaxşılarındandır.

Paylaş: